Göygöl rayonunda şəhid övladları üçün yay düşərgəsi təşkil olunub
13 avqust 2024 | 19:58
Göygöl rayonunun Milli Yaylaq Festivalı ərazisində şəhid övladları üçün ‘’Ənənə” yay düşərgəsinə start verilib. Düşərgə “YAŞAT” Fondunun təşkilatçılığı, Göygöl Rayon İcra Hakimiyyətinin, “Cavad xan” Tarix və Mədəniyyət Fondunun tərəfdaşlığı ilə həyata keçirilir. 50 nəfərədək şəhid övladının qatıldığı düşərgə hərbi vətənpərvərlik və milli ənənələr mövzusunda baş tutur.
Açılış mərasimində Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, “YAŞAT” Fondunun rəhbəri Qarabağ qazisi Elvin Hüseynov və digər qonaqlar iştirak ediblər. İştirakçılara düşərgənin məqsədi barədə məlumat verilib və uğurlar arzu edilib.
Beş gün davam edəcək düşərgədə iştirakçılar üçün oxatma, atçılıq və digər qədim milli oyun növləri üzrə yarışlar keçiriləcək.
Xatırladaq ki, “YAŞAT” Fondunun təşkilatçılığı ilə şəhid övladları üçün mütəmadi olaraq düşərgələr, müxtəlif kurslar, layihələr və təlimlər təşkil edilir, onların yüksək səviyyəli təhsilinə dəstək göstərilir. Bundan əvvəl onlar üçün Londonda yay məktəbi, Antalyada isə yay düşərgəsi təşkil edilmişdir.