Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl rayonunda “Narkomaniya və zərərli vərdişlərə yox deyək” adlı tədbir keçirilib

02 noyabr 2024 | 14:32
Göygöl Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon Gənclər Evində “Narkomaniya və zərərli vərdişlərə yox deyək” mövzusunda keçirilən maarifləndirici tədbirdə Rayon İcra Hakimiyyəti başçısı Aparatının əməkdaşları, Ağsaqqallar şurasının üzvləri,  Təhsil Şöbəsinin əməkdaşları, Gənclər Evinin əməkdaşları və gənclər iştirak ediblər.
Göygöl Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Kəmalə İbrahimova tədbiri açıq elan edərək qeyd etdi ki, müasir dövrün qlobal problemləri sırasında əsas yer tutan narkomanlıq insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə ciddi zərbə vuran, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına böyük təhlükə yaradan, həmçinin cinayətkarlığın artmasına səbəb olan əsas amillərdən biridir. Məhz buna görə də Ümummilli Lider Heydər Əliyev narkomaniyanı cəmiyyətin "sosial bəlası" adlandırmışdır. Gənclərimiz daim ayıq-sayıq olmalı, pis vərdişlər təbliğ edən insanlardan uzaq durmalı, asudə vaxtlarını səmərəli keçirməlidirlər.
Daha sonra Göygöl RİH başçısının Aparatının hüquq şöbəsinin müdiri Təhminə Şəbəndəyeva çıxışında “ağ ölüm” kimi tanınan narkomaniyanın şəxsin həm fiziki sağlamlığını əlindən aldığını, həm də onunla ailə və cəmiyyət arasında bağların qırılmasına səbəb olduğunu qeyd etdi. Ölkəmizdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair” dövlət proqramı barədə məlumat verdi. Ulu Öndər Heydər Əliyevin "Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər haqqında" 1996-cı il 26 avqust tarixli Fərmanı və digər qanunlar, fərmanlar, normativ-hüquqi aktlar narkotiklərlə mübarizənin əsas strateji xəttini müəyyənləşdirdiyini vurğuladı.
Göygöl Rayon Ağsaqqallar Şurasının sədri Dilqəm Dilənov, üzvü Mirzə Məmmədov çıxış edərək, gənclərimizi narkotik vasitələrdən və digər zərərli vərdişlərdən uzaq olmağa, dövlətimizin, xalqımızın adını daim uca tutmağa, vətənpərvər olmağa çağırdılar. Qeyd etdilər ki, gənclər hər bir millətin gələcəyi, dövləti inkişaf etdirən başlıca sütundur. Ona görə də gənclərə doğru yol göstərmək, onlara düzgün məsləhət vermək bizim borcumuzdur.
Göygöl Rayon İcra Hakimiyyəti başçısı Aparatı yanında “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın” əməkdaşı Ceyhun Hümbətov məruzəsində narkomaniyanın müxtəlif xalqların genofonduna sarsıdıcı zərbələr vuran, qarşısıalınmaz bir təhlükəyə, ümumbəşəri bəlaya çevrildiyini vurğuladı və narkotiklərdən qorunmağın ən yaxşı yolu ondan heç vaxt istifadə etməmək olduğunu qeyd etdi.
Göygöl Gənclər Evinin direktoru Şəhriyar İsmayılzadə mövzu ilə bağlı fikirlərini bölüşdü, gəncləri zərərli vərdişlərdən uzaq durmağa, asudə vaxtlarını səmərəli keçirməyə, Gənclər Evinin nəzdində fəaliyyət göstərən ödənişsiz dərnəklərə qoşulmağa dəvət etdi.
Sonda tədbir iştirakçılarına narkomaniyanın fəsadları ilə  bağlı videoçarx nümayiş etdirildi və gənclərin sualları cavablandırıldı.
Keçidlər