Göygöl rayonunda məşğulluq məsələlərinə həsr olunmuş dəyirmi masa keçirilib
21 oktyabr 2022 | 10:05
20 oktyabr 2022-ci il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Gəncə-Daşkəsən Regional Məşğulluq Filialı təşkilatçılığı ilə dəyirmi masa keçirilib. Göygöl rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, Gəncə-Daşkəsən RMF-nin müdiri Emil Bədəlov, Gəncə-Daşkəsən RMF-nin müdir müavini Namiq Bağıyev, Gəncə-Daşkəsən RMF-nin Göygöl xidmət şöbəsinin müdiri Elşən Tağıyev və digər aidiyyəti nümayəndələr iştirak ediblər.
Dəyirmi masada dörd məslə müzakirə olunub: “Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün kvota tətbiq edilməsi Qaydası”nın cəmiyyətdə əhəmiyyəti, Dövlət Məşğulluq Agentliyinin fəaliyyət istiqamətləri və layihələr, Peşə hazırlığına cəlb olunma haqqında məlumatların verilməsi, Sosial iş yerlərində işçilərin əməkhaqqının bir hissəsinin birgə maliyyələşməsi proqramı ilə bağlı sosial tərəfdaşların məlumatlandırılması.
Birinci məslə ilə bağlı Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev çıxış edərək bildirib ki, Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün kvota tətbiq edilməsi Qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 22 noyabr tarixli 213 nömrəli qərarı ilə təsdiq edilmişdir. Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların kateqoriyasına aşağıdakılar 20 yaşadək gənclər, yetkinlik yaşına çatmamış uşaqları tərbiyə edən tək və çoxuşaqlı valideynlər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqları tərbiyə edən valideynlər, pensiya yaşına 2 ildən az qalmış şəxslər, əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, cəzaçəkmə yerlərindən azad edilmiş vətəndaşlar, məcburi köçkünlər, müharibə veteranları, şəhid ailəsinin üzvləri aid edilirlər.
Kvota ərazi əmək bazarındakı vəziyyətdən asılı olaraq müəssisələrdəki işçilərin orta siyahı sayının 5 faizindən çox olmamaq şərti ilə aşağıdakı kimi müəyyən edilir: işçilərinin sayı 25-dən 50-dək olan müəssisələrdə işçilərin orta illik siyahı sayının 3 faizi (bir iş yerindən az olmamaqla) miqdarında, bu halda həmin iş yerlərindən biri əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün nəzərdə tutulur, işçilərinin sayı 50-dən 100-dək olan müəssisələrdə işçilərin orta illik siyahı sayının 4 faizi miqdarında (işçilərin orta illik siyahı sayının 2 faizi əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün nəzərdə tutulmaqla), işçilərinin sayı 100-dən çox olan müəssisələrdə işçilərin orta illik siyahı sayının 5 faizi miqdarında (işçilərin orta illik siyahı sayının 2,5 faizi əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün nəzərdə tutulmaqla).
Göndəlikdə duran digər məsələlərlə bağlı məruzəçilər geniş və ətraflı məlumat verdilər. Sonda video-çarx nümayiş olundu və müzakirələr aparıldı.