Göygöl rayonunda “Məişət zorakılığı törətmiş şəxslər üçün psixoloji reabilitasiya proqramlarının hazırlanması” mövzusunda dəyirmi masa keçirilib
14 noyabr 2022 | 16:18
Azərbaycan Respublikasında “Məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət planı”nın 12.3.4 bəndinin icrası ilə bağlı 14 noyabr 2022-ci il tarixdə Göygöl Rayon İcra Hakimiyyəti və Uşaq və Ailələrə Dəstək Mərkəzinin birgə təşkilatçılığı ilə “Məişət zorakılığı törətmiş şəxslər üçün psixoloji reabilitasiya proqramlarının hazırlanması” mövzusunda dəyirmi masa keçirilib. Göygöl rayon Uşaq və Ailələrə Dəstək Mərkəzində təşkil olunan dəyirmi masada Göygöl Rayon İcra Hakimiyyətində yaradılmış “Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupu”nun üzvləri iştirak ediblər.
Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini və Göygöl Rayon İcra Hakimiyyəti yanında yaradılmış Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun sədri Kəmalə İbrahimova məişət zorakılığı ilə mübarizə istiqamətində müdafiə mexanizminin gücləndirilməsi və təcrübi biliklərin artırılması məqsədilə İcra Hakimiyyəti və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən mütəmadi olaraq təlimlərin keçirildiyini vurğulayaraq, gələcəkdə aşkar ediləcək zorakılıq halları ilə bağlı Qrup üzvlərinin bir-biri ilə əlaqəsinin, informasiya mübadiləsinin və müraciətlərə çevik reaksiya verilməsinin təmin olunması məqsədilə “WhatsApp” qrupun yaradılmasının məqsədəmüvafiq hesab edildiyini vurğulyıb. Eyni zamanda məişət zorakılığı törətmiş şəxslərin psixoloji reabilitasiyadan keçmələri üçün müxtəlif proqramlardan istifadə olunmasının vacibliyini qeyd edib.
Dəyirmi masa diskussiya formatında davam etdirilib və qrup üzvlərinin rəy və təklifləri dinlənilib.