Göygöl rayonunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Suveren və yaşıl dünyanın gələcək innovativ qurucuları” adlı uşaq forumu keçirilib
01 iyun 2025 | 16:20
Uşaq forumu Göygöl Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Aqrar İnnovasiyalar Mərkəzi, Azərbaycan Dövlət Aqrar Universiteti, İnnovasiyalar Mərkəzi, Bilim Bakı mərkəzi, NORM ASC, "SİMART" Sağlam İnkişaf Platforması, 4 SİM, Milli Təhsil Texnologiyaları Mərkəzi, İnkişaf Korporasiyası, Respublika Süni Mayalanma Mərkəzi, Heyvandarlıq Elmi Tədqiqat İnstitutu, AMEA Gəncə filialı, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi, ATİAHİ Göygöl rayon komitəsi, AREA, İNNOBALA tərəfdaş təşkilatların dəstəyi ilə keçirilib.
Rayon Gənclər Evində keçirilən uşaq forumunda Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov, Aqrar İnnovasiyalar Mərkəzinin direktor müavini Toğrul Qafarbəyli, ADAU rektoru Zəfər Qurbanov, Aqrar elmlər üzrə fəlsəfə doktoru, ADA Universitetinin dosenti Asəf Ömərov, AMEA-nın Gəncə bölməsinin əməkdaşı Prezident mükafatçısı Elnur Həsənov, 4 SİM İnsan kapitalı layihələri üzrə baş menecer Sadiq Şahbazov, “SİMART” sosial layihəsinin meneceri Zəhra Həşimova, müxtəlif yarış və müsabiqələrdə uğurlu nəticə əldə etmiş rayon məktəbliləri, şəhid və qazi övladları iştirak ediblər.
Keçirilən uşaq forumunun əsas məqsədi uşaqları yaşıl düşüncə tərzinə təşviq etmək, müasir texnologiyaların ekoloji dayanıqlılıqla vəhdətinə dair yeni yanaşmaları müzakirə etmək və ölkəmizin suverenliyini möhkəmləndirən innovativ ideyaları bir araya gətirməkdir. Bu təşəbbüs uşaqların texnologiya, elm və yaradıcılıq sahələrinə marağının artırılması, onların cəmiyyətə daha fəal inteqrasiyası və mənəvi dəstək baxımından mühüm əhəmiyyət daşıyır.
Uşaq forumu Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan olunub, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Forum rəsmilərin çıxışları, spikerlərin panel müzakirələri və uşaqların suallarının cavablandırılması formatında keçirilib.