Göygöl rayonunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində 28 May Müstəqillik Günü münasibətilə tədbir keçirilib
27 may 2025 | 17:59
Göygöl Rayon Heydər Əliyev Mərkəzində “Konstitusiya və Suverenlik İli” çərçivəsində 28 May Müstəqillik Günü münasibətilə “Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir” mövzusunda keçirilən dəyirmi masada RİH başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Kəmalə İbrahimova, YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, müəllimlər, QHT nümayəndələri, rayon gəncləri, müharbə iştirakçıları iştirak ediblər.
İlk öncə Ulu Öndər Heydər Əliyevin, qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Kəmalə İbrahimova çıxış edərək qeyd etmişdir ki, 1918-ci ilin 28 may tarixində yaranmış Azərbaycan Xalq Cümhuriyyəti qısa müddət yaşasa da, xalqımızın azadlıq və dövlətçilik arzularının bariz təzahürü oldu. Bugünkü müstəqil Azərbaycan Respublikası da məhz o tarixi təməl üzərində qurulub. Bu gün fəxrlə deyə bilərik ki, Azərbaycanın dövlət müstəqilliyi bizim tarixi nailiyyətimizdir, ən böyük sərvətimizdir. Ümummilli liderin sözləri ilə desək, “Azərbaycanın dövlət müstəqilliyi daimidir, əbədidir, dönməzdir”. Ulu öndərin layiqli davamçısı İlham Əliyev müstəqillik yolu ilə irəliləyən Azərbaycanı daha böyük zirvələrə çatdırıb və ölkəmiz bütün dünyada güclü dövlət kimi tanınır.
Vüqar İsayev çıxış edərək müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixindən danışmış, xalqımızın və dövlətimizin bu günə gəlib çatmasının əsasında məhz Heydər Əliyev şəxsiyyətinin dayandığını və onun nurundan yaranmış Yeni Azərbaycan Partiyasının çox böyük rolunun olduğunu bildirmiş, Ümummilli Lider Heydər Əliyevin xilaskarlıq missiyasından geniş söhbət açmışdır.
Tədbirdə çıxış edən digər natiqlər Günay Novruzzadə, Aygün İbrahimova, Gülmira Əbdülkərimova, Araz Abbasov, Semur Əsgərov, Əfsanə Cəfərova və Asya Qafarova Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixindən, 23 ay yaşadıqdan sonra itirilmiş müstəqilliyimizin 20-ci əsrin sonlarında yenidən bərpa olmasından, Müasir Azərbaycan Respublikasının inkişaf tarixindən və suverenliyimizin əldə olunmasından geniş məlumat vermişlər.
Tədbirin sonunda müstəqillik tariximizə həsr olunmuş videoçarx nümayiş olunmuşdur.