Göygöl rayonunda kənd təsərrüfatı məhsullarının istehsalı və mövcud dövlət dəstək mexanizmləri ilə bağlı sahibkarlıq subyektləri ilə görüş keçirilib
24 avqust 2022 | 11:26
23 avqust 2022-ci il tarixdə Göygöl Rayon İcra Hakimiyyəti, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və digər dövlət qurumlarının rayon nümayəndəliklərinin iştirakı ilə kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan sahibkarların üzləşdiyi çətinliklərin dinlənməsi və təkliflərin müzakirəsi məqsədi ilə sahibkarlıq subyektləri ilə görüş keçirilib. Göygöl rayon Heydər Əliyev Mərkəzində baş tutan görüşdə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, KOBİA-nın Gəncə-Qazax regional koordinatoru Anar Əliyev, KOBİA-nın Göygöl rayon nümayəndəliyin rəhbəri Orxan Əhmədov, Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri, digər dövlət qurumlarının rəhbərləri, icra nümayəndələri və sahibkarlar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan KOBİA-nın Göygöl rayon nümayəndəliyin rəhbəri Orxan Əhmədov Agentliyin fəaliyyəti haqqında məlumat verərək bildirib ki, Agentlik Göygöl rayonunda üç aydır ki, fəaliyyət göstərir və bu müddət ərzində sahibkarlar tərəfindən Agentliyə 100-dən artıq müraciətlər daxil olub. Qaldırılan müraciətlərin hər birinə həssaslıqla yanaşılmış və onların həlli istiqamətində tədbirlər həyata keçirilib.
Sonra Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev rayonda kənd təsərrüfatının inkişaf perspektivləri haqqında geniş və ətraflı məlumat verərək qeyd edib ki, rayonun iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir, əhali əsasən əkinçilik və heyvandarlıqla məşğul olur. Eyni zamanda kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan sahibkarların problemlərinin həlli istiqamətində Agentliklə birlikdə dövlət dəstəyi mexanizmlərindən istifadə ediləcəyini sahibkarların nəzərinə çatdırıb.
KOBİA-nın Gəncə-Qazax regional koordinatoru Anar Əliyev də öz nitqində KOBİA-nın daim sahibkarların yanında olduğunu və onların mövcud problemlərinin həllində yaxından iştirak etdiyini bildirib.
Daha sonra sahibkarlar tərəfindən irəli sürülən təkliflər və qaldırdıqları problemlər Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev və KOBİA-nın Göygöl rayon nümayəndəliyin rəhbəri Orxan Əhmədov tərəfindən nəzarətə götürülərək, aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib.