Göygöl rayonunda Kənd Təsərrüfatı İşçiləri Günü qeyd edilib
01 noyabr 2022 | 15:41
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2008-ci ildə imzaladığı Fərman əsasında hər il noyabrın 1-i Azərbaycanda Kənd Təsərrüfatı İşçiləri Günü kimi qeyd olunur. Göygöl rayonunda Kənd Təsərrüfatı İşçiləri Günü münasibətilə tədbir keçirilib. Tədbirdə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Elməddin Əhmədov, Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun direktoru Mahir Hacıyev, Süni Mayalanma Mərkəzinin direktoru Elton Əbdürrəhmanov və rayonda fəaliyyət göstərən fermer təsərrüfatlarının rəhbərləri iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin xatirəsini yad edib, abidəsi önünə gül dəstələri düzüblər. Sonra Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi anılıb.
Daha sonra Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzində 1 noyabr - Kənd Təsərrüfatı İşçiləri Gününə həsr olunmuş yığıncaq keçirilib. Yığıncaqda çıxış edən Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev bu əlamətdar gün münasibətilə tədbir iştirakçılarını təbrik edərək bildirib ki, Ümummilli lider Heydər Əliyevin siyasi iradəsi və gərgin əməyi ilə həm keçmiş sovetlər dönəmində, həm də müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə bütün sahələrdə olduğu kimi aqrar sahədə də ciddi islahatlar aparılıb, resurslardan səmərəli və məqsədyönlü istifadə təmin olunub, sahənin dayanıqlı inkişafı üçün möhkəm baza yaradılıb. Əsası ümummilli lider tərəfindən qoyulmuş və hazırda davam etdirilən uğurlu aqrar siyasəti nəticəsində ölkə iqtisadiyyatında kənd təsərrüfatı xüsusi yerə sahib olub. Kənd Təsərrüfatı Nazirliyi çox ciddi uğurlara imza atıb. Bu, dövlət rəhbərliyi tərəfindən yüksək qiymətləndirilir. Bir qayda olaraq Kənd Təsərrüfatı Nazirliyinin bütün təşəbbüsləri hər zaman dəstəklənib, bu təşəbbüslər Nazirliyin potensialının gücləndirilməsinə xidmət edir. Bu illər ərzində ən əsası Kənd Təsərrüfatı Nazirliyinin institusional potensialı gücləndirilməsi istiqamətində işlər görülüb və fəaliyyət üçün konkret prinsplər müəyyənləşdirilib. Üç əsas prinsip: kəndli və fermerlərə yaxınlıq, səmərəli və şəffaf idarəçilik və innovasiyaların tətbiqi prinsiplərinin əsasında göstərilən fəaliyyət nəticəsində qarşıdakı dövr ərzində daha ciddi nəticələr əldə olunacaq.
Tədbirdə çıxış edən Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Elməddin Əhmədov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2008-ci ildə imzaladığı Fərman əsasında hər il 1 noyabr tarixinin Azərbaycanda Kənd Təsərrüfatı İşçiləri Günü kimi qeyd olunması dövlətin fermerlərə göstərdiyi diqqətin təzahürüdür. Son illər ərzində Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları bu dövr ərzində səmərəli fəaliyyət göstərib, ciddi nəticələr əldə edib. Bu mövsümdə istər taxıl yığımı, istərsə də pambıq yığımında əldə edilən nəticələr uğurlu fəaliyyətin göstəriciləridir.
Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun direktoru Mahir Hacıyev isə çıxışında bildirib ki, son illər ərzində kənd təsərrüfatı sahəsi dinamik inkişaf edib. Kənd təsərrüfatı sahəsi artıq elmi cəhətdən idarə olunur. Aqrar sahədə inkişaf ölkədə kənd təsərrüfatı məhsullarının ixracına da əhəmiyyətli təsir göstərib, aqrar sahənin ixrac potensialı yüksəlib.
Tədbirin sonunda Göygöl rayonu üzrə kənd təsərrüfatı sahəsində çalışan və əməyi ilə fərqlənən bir qrup şəxsə Göygöl Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı və xatirə hədiyyəsi təqdim olunub.