Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl rayonunda “İnsan və vətəndaş hüquqları” mövzusunda maarifləndirici tədbir keçirilib

11 iyun 2024 | 13:50
Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən ölkəmizdə hər il qeyd olunan 18 may-18 iyun “İnsan Hüquqları Aylığı” çərçivəsində Göygöl Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ənənəvi olaraq silsilə tədbirlər həyata keçirir. Rayon Gənclər Evində “İnsan və vətəndaş hüquqları” mövzusunda keçirilən maarifləndirici tədbirdə Göygöl Rayon İcra Hakimiyyətinin başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Kəmalə İbrahimova, İH-nin Hüquq şöbəsinin məsləhətçisi Orxan Məmmədov, rayon Gənclər Evinin direktoru Şəhriyar İsmayılzadə, Gənclər və İdman sektorunun müdiri Zaur Abbasov, Mədəniyyət üzrə nümayəndə Vüsal Rzayev, Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Ülfanə Səfərova, mədəniyyət işçiləri, rayon Peşə məktəbinin tələbələri və rayon gəncləri iştirak ediblər.
Tədbirdə iştirakçılara mövzu haqqında ətraflı məlumat verilib, vətəndaşların hüquqlarından danışılıb və bildirilib ki, Tanrı insanı Yer üzünün əşrəfi yaradıb və ona sevmək, sevilmək, qurub yaratmaq kimi üstünlüklər bəxş edib. Yaranışından kamil olan insanın yaşamaq, təhsil almaq, ailə qurmaq, övlad dünyaya gətirmək və s. hüquqları var. Təbii ki, onun vəzifələri də var. Azərbaycan Konstitusiyasının 4-cü fəslinin 72-ci maddəsində deyildiyi kimi, hər bir şəxs dövlət və cəmiyyət qarşısında onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Qanunu bilməmək məsuliyyətdən azad etmir. Həmçinin hər bir vətəndaş Vətənə sədaqətli olmalı, onu müdafiə etməli, dövlət rəmzlərinə, onun atributlarına hörmət etməlidir. Hər bir kəs qanun qarşısında məsuliyyət daşıyır.
İntellektli, yüksək dünyagörüşlü fərd daim öz üzərində işləyərək irəliyə doğru can atır, cəmiyyətə faydalı olmağa çalışır. Azad, hüquqlu insan xalqı, dövləti üçün gərəkli və faydalı işlər görür. Layiqli vətəndaş olaraq ölkəsinin müstəqilliyi, inkişafı üçün öhdəsinə düşən vəzifəni yerinə yetirən insan xoşbəxtdir. İnsanlar anadan eyni doğulsa da, həyatda missiyaları fərqli olur. Yaranışından ölümünə qədər ona məxsus olan hüquq və azadlıqları ilə yaşayan insanın həyatda necə yaşaması öz əlindədir. Təbii ki, burada insanın geni, doğulduğu ailə, ətraf mühit, təsir dairəsi böyük rol oynayır. İrqindən, dinindən, yaşından və cinsindən asılı olmayaraq Yer üzündə hər bir insanın hüquqları var. Azərbaycanda insan hüquqlarının qorunması dövlət siyasətində əsas mərkəzi xətti təşkil edir.
Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb.
Keçidlər