Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl rayonunda III Milli Yaylaq Festivalı keçirilir

06 iyul 2024 | 12:08
Göygöl rayonu, Yeni Zod kəndi ərazisində Xan yaylağında təşkil olunmuş III Milli Yaylaq Festivalının açılış mərasimində iştirak edən Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, Gənclər və İdman naziri Fərid Qayıbov, Türkiyə Respublikasının Gəncə Şəhərindəki Baş konsulu Recep Öztop və digər rəsmi qonaqlar yaradılan şəraitlə tanış olub, qurulan guşələrə baş çəkiblər.
Məlumat verilib ki, Xan yaylağında üç gün davam edəcək festival çərçivəsində orijinal üslubda “Yaylaq yurdu” adlı etnoqəsəbə yaradılıb. Qəsəbədə yaşayış yurdları (alaçıqlar) ilə yanaşı, Cıdır meydanı, “Yaylaq bazarı”, “Sənətkarlıq guşəsi”, “Dədə Qorqud ocağı” (tamaşalar üçün səhnə), “Pəhləvan meydanı” (yarış sahəsi), “Aşıq Ələsgər ocağı”, “Yaylaq süfrəsi” və digər tematik sahələr mövcuddur.
Etnoqəsəbənin ərazisində 3 gün ərzində genişmiqyaslı el şənlikləri olacaq. Festivalda yerli təmsilçilərlə yanaşı, xaricdən də çoxsaylı qonaqlar iştirak edir.
Qeyd edək ki, festival “Cavad xan” Tarix və Mədəniyyət Fondu ilə “Kap.az” Fərqli Turizm MMC-nin təşkilatçılığı, Dövlət Turizm Agentliyi, Gənclər və İdman Nazirliyi, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Dünya Etnoidman Konfederasiyası, Göygöl Rayon və Gəncə şəhər İcra hakimiyyətləri, Dövlət Məşğulluq Agentliyi və KOBİA-nın dəstəyi ilə gerçəkləşir.
Xatırladaq ki, ilk festival 2019-cu ildə Gədəbəy rayonunda, ikincisi isə 2022-ci ildə Göygöl rayonunda keçirilib.
Keçidlər