Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl rayonunda İcbari Tibbi Sığorta haqqında ictimai maarifləndirmə tədbiri keçirilib

05 mart 2024 | 12:39
Göygöl Rayon İcra hakimiyyəti və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə İcbari tibbi sığorta barədə ictimai maarifləndirmə keçirilib. Göygöl Rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Arzu Qocayev, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Gəncə filialının rəhbəri Kamal Həsənov, Göygöl Mərkəzi Rayon Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Vasif Əliyev, Göygöl Rayon İcra Hakimiyyəti başçısının şəhər, qəsəbə və kənd inzibati ərazi dairəsi üzrə nümayəndələri, bələdiyyə sədrləri və rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlardan nümayəndələr iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Arzu Qocayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi, Birinci vitse-prezident xanım Mehriban Əliyevanın dəstəyi ilə əhalinin sağlamlığının qorunmasını təmin etmək, əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində səhiyyə sahəsində bir sıra islahatların həyata keçirildiyini bildirmiş, son illər bu istiqamətdə aparılan islahatların ən əhəmiyyətlisinin icbari tibbi sığortanın ölkə üzrə tətbiqi olduğunu vurğulamışdır.
Tədbirdə çıxış edən Kamal Həsənov ölkə başçısı tərəfindən səhiyyə sistemində son illər aparılan uğurlu islahatların davamı kimi respublikada icbari tibbi sığortanın tətbiqinin səhiyyənin inkişafına töhfə verəcəyini, icbari tibbi sığortanın məqsədinin əhalinin səhiyyə xərcləri ilə bağlı maliyyə yükünü azaltmaq və səhiyyədə yeni maliyyələşmə mexanizminin tətbiq etmək olduğunu, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi əhalinin sağlamlığının qorunması sahəsində aparılan dövlət siyasətini və fəaliyyət istiqamətinə uyğun olaraq icbari tibbi sığortanın təbliği, bu sahədə əhalinin maarifləndirilməsi istiqamətində mütəmadi tədbirlər həyata keçirildiyi bildirilmişdir.
Vasif Əliyev çıxışında Göygöl rayonundakı tibb müəssisələrinin əsaslı təmir olunması, maddi-texniki bazalarının gücləndirilməsi, mövcud avadanlıqların bərpası və yenilərinin alınması barədə iştirakçılara məlumat verib. O bildirib ki, icbari tibbi sığortanın tətbiqi ilkin səhiyyə xidmətinin, təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin təkmilləşməsinə səbəb olmuşdur. Sonda İcbari Tibbi Sığortadan yararlanan xəstələr barədə məlumat verilib.
Daha sonra icbari tibbi sığorta sisteminin mahiyyəti, xidmətlər zərfi çərçivəsində təminata alınan tibbi xidmətlər, əhali qrupları üzrə sığorta haqları, agentliyin müqavilə bağladığı özəl müəssisələr, sığortaolunanların, eləcə də sığortalıların hüquq və vəzifələri barədə tədbir iştirakçılarına geniş təqdimatla məlumat verilmişdir.
Sonda mövzu ilə bağlı fikir mübadiləsi aparılıb və tədbir iştirakçılarının çoxsaylı suallarını cavablandırılıb. Eyni zamanda Fond nümayəndəsi fermerləri dövlətin yaratdığı imkandan faydalanmağa, əkin sahələrini və təsərrüfatlarını da sığorta etdirməyə çağırıb.
Keçidlər