Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl rayonunda “Hüquqlarımızı tanıyaq” mövzusunda tədbir keçirilib

16 noyabr 2024 | 21:52
Göygöl Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Uşaq Hüquqları Aylığı” çərçivəsində “Hüquqlarımızı tanıyaq” mövzusunda Göygöl Gənclər Evində keçirilən tədbirdə Ombudsmanın Qərb Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov, Göygöl Rayon İcra Hakimiyyəti başçısı Aparatının, Gənclər Evinin, Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşları, məktəblilər və müəllimlər iştirak ediblər.
Göygöl RİHB Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Babək Rəsulov giriş nitqi ilə tədbiri açıq elan edərək bildirdi ki, Azərbaycanda uşaqlar dövlətin və cəmiyyətin daim diqqət mərkəzindədir və uşaq problemlərinin ardıcıl həlli ölkəmizdə bu sahədə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bunun nəticəsi olaraq uşaqların hüquq və maraqlarının müdafiəsi, vahid dövlət uşaq siyasətinin formalaşdırılması, uşaqların fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsinin təmin olunması istiqamətində mühüm işlər görülür.
Sonra Ombudsmanın Qərb Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov mövzu ilə bağlı ətraflı məlumat verdi. O bildirdi ki, hər bir uşaq öz hüquqlarını bilməlidir ki, onun hüquqları pozulanda bunu dərk edib lazımi qurumlara məlumat verə bilsin. Uşaqların yaşamaq, təhsil, mənzil, asudə vaxtını səmərəli keçirmək və digər hüquqları var. Bununla yanaşı onların həm də vəzifələri var. Uşaqlar həm hüquqlarını, həm də vəzifələrini gözəl bilməli, yaxşı təhsil almalı və cəmiyyətə faydalı fərd kimi yetişməlidirlər.
Göygöl RİHB Aparatının hüquq şöbəsinin müdiri Təhminə Şəbəndəyeva çıxışında qeyd etdi ki, 1959-cu il noyabrın 20-də BMT Baş Məclisi Uşaq hüquqları Bəyannaməsini, 1989-cu ilin həmin günündə isə Uşaq hüquqları haqqında Konvensiyanı qəbul edib. Uşaq hüquqları Konvensiyası – BMT tərəfindən qəbul edilmiş bir saziş olaraq, dünyanın hər bir yerində yaşayan uşaqlara konvensiya ilə müəyyən edilmiş hüquqları təmin edir. Konvensiya uşaqların yaşaması və inkişafı üçün zəruri olan minimum standartları müəyyən edir.
Göygöl Rayon İcra Hakimiyyəti başçısı Aparatı yanında “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın” əməkdaşları və digər natiqlər öz çıxışlarında uşaqların hüquqlarının qorunması məqsədilə görülən işlərdən, uşaq hüquqlarının pozulması ilə bağlı edilən müraciətlərin statistikasından danışdılar. Onlar uşaqlara dövlətin onlara verdikləri hüquqlardan istifadə edərək dövlətimiz, xalqımız üçün layiqli vətəndaşlar olmağı tövsiyə etdilər.
Sonda məktəblilərin mövzu ilə bağlı sualları cavablandırıldı.
Keçidlər