Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl rayonunda heyvandarlıq inkişaf etdirilir

19 aprel 2023 | 12:57
Heyvandarlıq kənd təsərrüfatının əsas sahəsi olmaqla əhalinin ərzaq məhsulları ilə təmin edilməsində xüsusi əhəmiyyət kəsb edir. Heyvandarlıq məhsullarının istehsalının artırılmasının həlli yollarından biri də mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasıdır. Göygöl rayonunda bu məqsədlə bir sıra işlər görülmüş, fiziki və hüquqi şəxslər tərəfindən 2023-cü ilin ilk üç ayında xaricdən gətirilən damazlıq heyvanlardan lizinq yolu ilə 31 baş alınmış və damazlıq heyvanların sayı artırılaraq 987 başa çatdırılmışdır. Rayonda hal-hazırda 19326 baş iribuynuzlu, o cümlədən 9764 baş ana mal, 125716 baş qoyun və keçi, 177624 baş ev quşları, 8790 yeşik arı ailəsi mövcuddur. Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzindən verilən məlumata görə, ilk üç ayda ət istehsalı 846,3 ton, süd istehsalı 3569.4 ton, yun istehsalı 177.5 ton, yumurta istehsalı isə 3027 min ədəd olmuşdur
Azərbaycan Respublikası Prezidentinin 28 iyun 2011-ci il tarixli 1578 nömrəli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə tədbirlər planında damazlıq işlərinin dövlət tərəfindən dəstəklənməsi və heyvandarlıqda süni mayalama tədbirlərinin genişləndirilməsi nəzərdə tutulmuşdur. Göygöl rayonunda mütəxəssislər tərəfindən 2023-cü ilin üç ayı ərzində 408 baş heyvanda süni mayalanma işi aparılmış və 224 baş bala alınmışdır.
Qeyd edək ki, "Heyvandarlığın cins tərkibinin yaxşılaşdırılmasına dövlət dəstəyi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 19 avqust tarixli 1364 nömrəli sərəncamı ilə süni mayalanma yolu ilə alınmış hər baş sağlam buzova görə heyvan sahiblərinə 100 manat məbləğində subsidiya müəyyən edilmişdir. Respublikada və eləcə də Göygöl rayonunda aqrar sahədə aparılan islahatlar onu deməyə əsas verir ki, heyvandarlığın bütün sahələri dinamik inkişaf etdirilməkdədir.
Keçidlər