Göygöl rayonunda “Heydər Əliyev ili” ilə bağlı yekun ümumrayon toplantısı keçirilib
25 dekabr 2023 | 17:40
“2023-cü il-Heydər Əliyev ili” ilə bağlı Göygöl Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq “Heydər Əliyev və müasir Azərbaycan” adlı yekun ümumrayon toplantısı keçirilib. Heydər Əliyev Mərkəzində keçirilən toplantıda Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, Milli Məclisin Deputatı Elşad Mirbəşiroğlu, Yeni Azərbaycan Partiyası Göygöl rayon Təşkilatının sədri Vüqar İsayev, Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsinin sədri akademik Fuad Əliyev, Gəncə “İmamzadə” kompleksinin axundu Hacı Tahir Abbasov, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, Prezident mükafatçısı şair-publisist İnqilab İsaq, rayonun hüquq-mühafizə orqanlarının və idarə, müəssisə və təşkilatların rəhbərləri, Şəhid ailələri və qazilər, ağsaqqallar, ziyalılar və fəal gənclər iştirak ediblər.
Toplantı Dövlət Himni ilə açıq elan olunub, Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Ulu Öndərə həsr olunmuş videçarx təqdim olunub.
Toplantıda çıxış edən Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev Azərbaycanda müstəqil dövlət təsisatlarının qurulması, beynəlxalq normalara söykənən demokratik, hüquqi dövlətin yaranması, milli, mənəvi və əxlaqi dəyərlərimizin qorunub saxlanılması, bu dəyərlərin ümumbəşəri ideyalarla daha da zənginləşdirilməsi, ilk Milli Konstitusiyamızın qəbul edilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması və yeni iqtisadi kursun müəyyənləşdirilməsi prosesinin müvəffəqiyyətli həlli məhz Ümummilli Liderimiz Heydər Əliyevin xidmətlərinin nəticəsi olduğunu diqqətə çatdırıb.
Millət vəkili Elşad Mirbəşiroğlu çıxışında bildirib ki, Ulu Öndər Heydər Əliyev həyatının hər gününü müstəqil Azərbaycanın inkişafına həsr edib. Təsadüfü deyil ki, Ulu Öndərin fəaliyyəti öz miqyası və əhəmiyyəti etibarilə Azərbaycanın hüdudlarından çox-çox kənara çıxır. Dünya miqyasında ən nüfuzlu dövlət başçıları, politoloqlar tərəfindən dəfələrlə bəyan edildiyi kimi, Azərbaycan və böyük türk dünyasının dahi oğlu Heydər Əliyev zəmanəmizin ən yüksək zirvəsində duran tanınmış siyasi xadimlər sırasında öz layiqli yerini tutub.
Yeni Azərbaycan Partiyası Göygöl rayon Təşkilatının sədri Vüqar İsayev çıxış edərək Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı tarixi xidmətlərindən bəhs edib. O bildirib ki, Heydər Əliyevin təşəbbüsü ilə Yeni Azərbaycan Partiyasının yaradılması dövlətçiliyimizin, müstəqilliyimizin daha da möhkəmlənməsi istiqamətində atılan mühüm addımlardandır. YAP milyonlarla azərbaycanlının partiyasıdır.
Toplantıda Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsinin sədri akademik Fuad Əliyev, Gəncə “İmamzadə” kompleksinin axundu Hacı Tahir Abbasov, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, Prezident mükafatçısı şair-publisist İnqilab İsaq mövzu ilə bağlı çıxışlarında böyük strateq Heydər Əliyevin vətəninə və xalqına olan misilsiz xidmətlərindən söz açaraq, bugünkü müasir Azərbaycanın iqtisadi, sosial və mədəni potensialının formalaşdığını diqqətə çatdırıblar.
Tədbirin sonunda 2023-cü il “Heydər Əliyev İli” ərzində rayonun ictimai - siyasi həyatında fəal iştirak etdiyinə görə bir qrup şəxsə Göygöl Rayon İcra Hakimiyyəti başçısının Fəxri fərmanları təqdim olunub.