Göygöl rayonunda gənclərin vətənpərvərlik tərbiyəsi və zərərli vərdişlərin fəsadlarına həsr edilmiş maarifləndirici tədbir keçirilib
07 iyun 2024 | 19:40
Göygöl Rayon İcra Hakimiyyətinin və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birgə təşkilatçılığı ilə Göygöl rayon ümumtəhsil məktəblərinin 10-11-ci sinif şagirdlərinin iştirakı ilə gənclərin vətənpərvərlik tərbiyəsi və zərərli vərdişlərin fəsadlarına həsr edilmiş maarifləndirici toplantı keçirilib. Rayon Gənclər Evində keçirilən toplantıda Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, Dövlət Xidmətinin, həmçinin hüquq-mühafizə orqanlarının əməkdaşları, bir sıra dövlət qurumlarının məsul şəxsləri, müharibə iştirakçıları və qazilər iştirak ediblər.
Toplantı Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan olunub, Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilib.
Toplantıda çıxış edən Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev yeniyetmə və gənclərin narkomanlıq və digər zərərli vərdişlərdən qorunması və gənc nəslin savadlı, vətənpərvər ruhda böyüməsi, sağlam inkişaf etməsi istiqamətində ölkədə həyata keçirilən islahatlardan danışıb və həyata keçirilən tədbirlərin davamlılığının zəruriliyi vurğulayıb.
Toplantıda sıxış edən SHXÇDX-nin şöbə rəisi Pərviz Sədrəddinov, Xidmətin Göygöl rayon şöbəsinin rəisi Abidin Rüstəmov, Rayon Polis şöbəsinin rəisi Şəmşir Kazımov, Göygöl Rayon Mərkəzi Xəstəxanası PHŞ direktoru Vasif Əliyev, Vətən Müharibəsi qazısı Faiq Bayramov müasir dövrün ən qorxulu bəlalarından olan narkomaniya və onun fəsadları, gətirdiyi faciələr barədə məlumat verib, bu istiqamətdə həyata keçirilən tədbirlərdən danışıblar. Həmçinin sabahın əsgəri olacaq çağırışçıların fiziki və psixoloji statuslarına müəyyənedici təsir göstərən sağlamlıq meyarlarının yüksək səviyyədə saxlanılmasının qarşıda duran əsas vəzifələrdən biri olduğunu bildiriblər.