Göygöl rayonunda “Əmək Yarmarkası” keçirilib
08 may 2024 | 18:29
Göygöl Rayon İcra Hakimiyyətinin və Dövlət Məşğulluq Agentliyi Gəncə-Daşkəsən Regional Məşğulluq filialının birgə təşkilatçılığı ilə Göygöl rayon Gənclər Evində keçirilən “Əmək Yarmarkası”nda Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, Gəncə-Daşkəsən Regional Məşğulluq filialının müdiri Elməddin Qurbanov, işəgötürənlər və işaxtaranlar iştirak ediblər.
Tədbirin açılış hissəsində Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev çıxış edərək qeyd edib ki, sözügedən tədbirlərin mütəmadi keçirilməsi rayon sakinlərinin məşğulluğuna müsbət təsir edir, eyni zamanda işəgötürənlərin də uyğun kadrların seçilməsinə ciddi dəstək olur. Gəncə-Daşkəsən Regional Məşğulluq filialının müdiri Elməddin Qurbanov “Əmək Yarmarkası” çıxışında filial tərəfindən Gəncə-Daşkəsən iqtisadi rayonunda, o cümlədən Göygöl rayonunda həyata keçirilmiş məşğulluq tədbirləri haqqında məlumat verib.
Sonra işəgötürənlər tərəfindən müvafiq vakansiyalara dair tələblər barədə ətraflı məlumat verilib, işsiz və işaxtaran şəxslərə, müxtəlif istiqamətlər üzrə 200-ə yaxın vakansiya təqdim edilib.
Yarmarkaya qatılan sakinlərə vakansiyalar, iş öhdəlikləri haqqında məlumat verilib, müraciət edən şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçirilib, uyğun namizədlərin qeydiyyatı aparılıb. Həmçinin iştirakçılara Agentliyin aktiv məşğulluq tədbirləri ilə bağlı məlumat verilib.
“Əmək Yarmarkası”nda iştirak edən işəgötürənlərin və işaxtaranların böyük əksəriyyəti yarmarkanın keçirilməsini onlara təqdim olunmuş qiymətləndirmə anketlərində yüksək qiymətləndirmiş və bir sıra təkliflər qeyd etmişlər.