Göygöl rayonunda Dövlət Suverenliyi Günü qeyd olunub
20 sentyabr 2024 | 17:30
20 Sentyabr - Dövlət Suverenliyi Günü münasibəti ilə Göygöl Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Göygöl Rayon Təşkilatının birgə təşkilatçılığı ilə Göygöl rayon Heydər Əliyev Mərkəzində “Suverenliyimizin bərpası-müasir dövlətçilik tariximizin zirvə nöqtəsidir" mövzusunda baş tutan tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Kəmalə İbrahimova, Yeni Azərbaycan Partiyası Göygöl Rayon Təşkilatının sədri Vüqar İsayev, təhsil işçiləri, şəhid ailələri, qazilər, rayon ziyalıları və gəncləri iştirak ediblər.
Tədbir torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamış, daha sonra iştirakçıların çıxışları ilə davam etmişdir. Tədbirdə çıxış edən Göygöl Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Kəmalə İbrahimova, Yeni Azərbaycan Partiyası Göygöl Rayon Təşkilatının sədri Vüqar İsayev, Rayon Təhsil sektorunun məsləhətçisi Salman Balakişiyev, şəhər 5 nömrəli tam orta məktəbin tarix müəllimi Zəkiyə Əsədova, “Qarabağ Əlillərinə Qayğı” İB Göygöl rayon şöbəsinin sədri Araz Abbasov, şəhər 3 nömrəli tam orta məktəbin gənc müəllimi Nilufər Nəcəfova və digər natiqlər Prezident İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixli müvafiq sərəncamı ilə Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildiyini vurğulayaraq qeyd etdilər ki, Ermənistan Respublikası 1990-cı illərin əvvəllərindən başlayaraq Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin tələblərini kobud şəkildə pozaraq Azərbaycan Respublikasına qarşı işğalçılıq siyasəti həyata keçirmiş və hərbi gücdən istifadə edərək ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizini işğal etmişdir. Ermənistanda və işğal olunmuş Azərbaycan torpaqlarında azərbaycanlılara qarşı etnik təmizləmə aparılmış, insanlıq əleyhinə cinayətlər və hərbi cinayətlər nəticəsində şəhər və kəndlərimiz viran edilmiş, ölkəmizin təbii resursları talan olunmuş, dövrümüzün ən dəhşətli faciələrindən olan Xocalı soyqırımı törədilmişdir.
Ermənistanın yeni işğalçılıq planlarına, növbəti hərbi təcavüz cəhdinə və ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusunu darmadağın etmiş və tarixi Zəfər qazanmışdır. Azərbaycan öz torpaqlarını 30 illik işğaldan azad edərək ərazi bütövlüyünün bərpasına və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsinə nail olmuşdur.
2023-cü il sentyabrın 19-da Azərbaycanın Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərksilah edilərək torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikası konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə antiterror əməliyyatına başlanmışdır. Cəmi 23 saat davam etmiş və sentyabrın 20-də başa çatmış əməliyyat nəticəsində rəşadətli Azərbaycan Ordusu qarşısına qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirmişdir. Beləliklə, növbəti parlaq Qələbə nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa edilmişdir. Azərbaycan xalqının həyatında müstəsna əhəmiyyət kəsb edən şanlı Zəfər sayəsində bu gün Azərbaycan Respublikasının Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanmaqdadır.