Göygöl rayonunda “Dənli və texniki bitkilərin həmçinin meşə və meşə zolaqlarının yanğın təhlükəsizliyinin təmin olunması” mövzusunda seminar-müşavirə keçirilib
Göygöl rayon İcra Hakimiyyətinin akt zalında Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 2022-ci il üçün iş planının icrası ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Yanğın Nəzarəti Xidməti Gəncə Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin təşkilatçılığı ilə “Dənli və texniki bitkilərin həmçinin meşə və meşə zolaqlarının yanğın təhlükəsizliyinin təmin olunması” mövzusunda seminar müşavirə keçirilib.
Seminar-müşavirədə rayon Polis şöbəsinin, Regional Meşə Təsərrüfatı Mərkəzinin Aqrolizinq ASC-nin və Kənd Təsərrüfatı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri, bələdiyyə sədrləri, icra nümayəndələri və fermerlər iştirak ediblər. Eyni zamanda seminar müşavirədə Gəncə Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin rəisi Natiq Piriyev iştirak edib.
Seminar-müşavirədə dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanması və emalı dövründə, eləcə də meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyinin təmin edilməsi, həmçinin rayon ərazisində açıq sahələrdə mövcud olan quru ot, kol-kos, məişət tullantılarının vaxtında təmizlənməsi istiqamətində aidiyyəti təşkilatlar qarşısında məsələlər qaldırılıb və yanğın təhlükəsizliyi ilə bağlı qaydalar izah olunub. Mövzu ilə bağlı müzakirələr aparılıb, FHN əməkdaşları tərəfindən zəruri tövsiyələr verilib, suallar cavablandırılıb.