Göygöl rayonunda baş verə biləcək fövqəladə hadisələrin qarşısının alınmasına dair müşavirə keçirilib
04 dekabr 2024 | 16:00
“Fövqəladə halların baş verdiyi ərazilərdən əhalinin müvəqqəti olaraq köçürülməsi, maddi və mənəvi sərvətlərin evakuasiya edilməsi tədbirlərinin və digər təxirəsalınmaz tədbirlərin planlaşdırılması və həyata keçirlməsi” mövzusuna həsr olunmuş müşavirədə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin rəisi polkovnik Elnur Məhərrəmov, Gəncə Regional Dövlət Yanğın Nəzarəti idarəsinin rəisi polkovnik Natiq Piriyev, Göygöl rayon Dövlət Yanğın Mühafizə Hissəsinin rəisi polkovnik-leytenant Asif Əliyev, Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin Qərb Regional müfəttişliyinin rəisi Kənan Qasımov, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Qərb Regional Tikinti Müfəttişliyinin rəisi Mehman Həsənov, Fövqəladə halların monitorinqi və proqnozlaşdırılması sektorunun baş məsləhətçisi İlqar Quliyev, Kiçik həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Şəmkir dalğıc axtarış qrupunun rəisi Kamran Mahmudzadə və digər aidiyyəti nümayəndələr iştirak ediblər.
Müşavirədə Göygöl rayonu ərazisində baş verə biləcək fövqəladə halların, o cümlədən təbii və texnoğen xarakterli qəzaların nəticələrinin aradan qaldırılması sahəsində qarşılıqlı fəaliyyət istiqamətləri barədə məruzə və çıxışlar dinlənilib, mövcud çatışmazlıqlar və qarşıda duran vəzifələr geniş müzakirə edilib.
Mövzu ilə bağlı Göygöl Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən müvafiq tapşırıq və tövsiyələr verilib.