Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl rayonunda Aqrar sığorta haqqında ictimai maarifləndirmə tədbiri keçirilib

13 noyabr 2023 | 19:34
Göygöl Rayon İcra Hakimiyyətinin və Aqrar Sığorta Fondunun birgə təşkilatçılığı ilə Aqrar sığorta barədə ictimai maarifləndirmə tədbiri keçirilib. Göygöl Rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Arzu Qocayev, Aqrar Sığorta Fondunun şöbə müdiri Əli Əhmədov, Aqrar sığorta fondunun Şəki filialının rəhbəri Toğrul Həşimzadə, Göygöl KOB dostu Orxan Əhmədov, Göygöl DAİM-in direktor müavini Valeh Əsədov, Göygöl Rayon İcra Hakimiyyəti başçısının şəhər, qəsəbə və kənd inzibati ərazi dairəsi üzrə nümayəndələri, bələdiyyə sədrləri və rayonda fəaliyyət göstərən fermerlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Göygöl RİHB müavini Arzu Qocayev ölkəmizin stabil və dayanıqlı inkişafının, beynəlxalq təhlükəsizlik sistemində layiqli yer tutmasının əsasında Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi uzaqgörən siyasət, məqsəd, vəzifə və prinsiplər önəmli rol oynadığını qeyd edərək, bu prinsiplərə əsaslanan sosial-iqtisadi siyasət günümüzdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirildiyini vurğulayıb. Həmçinin bildirilib ki, Prezident cənab İlham Əliyevin bu sahəyə göstərdiyi diqqət və qayğının nəticəsi olaraq aqrar sahənin inkişafına dair bir çox mühüm işlər görülüb. Aqrar sığorta mexanizminin yaradılması bu sahənin inkişafı və ərzaq məhsullarının istehsalının artırılmasında önəmli yer tutur. Eyni zamanda Göygöl rayonda kənd təsərrüfatı sahəsində görülən işlər və aqrar sığortanın kənd təsərrüfatının inkişafında əhəmiyyəti tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Tədbirdə çıxış edən Aqrar Sığorta Fondunun şöbə müdiri Əli Əhmədov bildirib ki, aqrar sığorta – Azərbaycanda dövlətin kənd təsərrüfatına və fermerlərə dəstək üçün yaratdığı yeni və çox mühüm mexanizmdir. Eyni zamanda qeyd olunub ki, ölkə rəhbərliyi tərəfindən Azərbaycanda qeyri-neft sektorunun, xüsusilə də aqrar sahənin inkişafı üçün böyük tədbirlər həyata keçirilir. Kənd təsərrüfatına çoxsaylı subsidiyalar, dəstək tədbirləri verilir, nəticədə kənd təsərrüfatına böyük maraq var: əkilən sahələr artır, yeni texnologiyalar tətbiq edilir, gəlirli bitki növlərinin əkini genişlənir və heyvandarlıq təsərrüfatları yaradılır, bu sahədə yatırımlar ildən-ilə çoxalır. Aqrar sığorta mexanizmi də bu sahədə tədbirləri dəstəkləmək və fermerlərin məhsulunu qorumaq üçün tətbiq edilib. Azərbaycanda aqrar sığorta mexanizmi qardaş Türkiyənin TARSİM sistemin təcrübəsi və dəstəyi ilə yaradılıb. Hazırda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta vasitəsilə bitkiçilik, heyvandarlıq və balıqçılıq təsərrüfatlarını, o cümlədən 48 adda bitkiçilik məhsulları, mal-qara və xırda buynuzlu heyvanlar çoxsaylı risklərdən sığortalanır.
Tədbirdə Göygöl RİHB Aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini İlqar Məmmədov və Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzinin direktor müavini Valeh Əsədov çıxış edərək aqrar sığorta ilə bağlı öz fikirlərini tədbir iştirakçıları ilə bölüşüb.
Daha sonra Aqrar Sığorta Fondunun şöbə müdiri Əli Əhmədov və Aqrar Sığorta Fondunun Şəki filialının rəhbəri Toğrul Həşimzadə Aqrar Sığorta Fondunun fəaliyyəti, əhatə etdiyi sahələr, sığortanın hesablanma qaydası, bu sahəyə dövlət dəstəyi və yeniliklər barədə tədbir iştirakçılarına geniş təqdimatla çıxış ediblər.
Sonda mövzu ilə bağlı fikir mübadiləsi aparılıb və tədbir iştirakçılarının çoxsaylı suallarını cavablandıran Fond nümayəndəsi fermerləri dövlətin yaratdığı imkandan faydalanmağa, əkin sahələrini və təsərrüfatlarını sığorta etdirməyə çağırıb.
Keçidlər