Göygöl rayonunda 8 Noyabr – Zəfər gününə həsr olunmuş “Zəfərin mübarək, Azərbaycan!” mövzusunda toplantı keçirilib
08 noyabr 2024 | 15:25
Göygöl Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən toplantıda Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, İHBA-nın əməkdaşları, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri, hərbiçilər, müharibə iştirakçıları, Şəhid ailələri, Qazilər, ağsaqqallar və fəal rayon gəncləri iştirak edib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi və şəhid məzarları ziyarət olunaraq, əziz xatirələri ehtiramla yad edilib. Sonra Gənclər Evinin foyesində Uşaq Gənclər İnkişaf Mərkəzi tərəfindən təşkil olunmuş rəsm və uşaqların əl işindən ibarət sərgiyə baxış keçirilib, rayonun Yeni Qızılca kənd tam orta məktəbin şagirdlərinin və “İrəvan” rəqs qrupunun çıxışları dinlənilib.
Rayon Gənclər Evində təşkil olunmnuş toplantı Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan olunaraq, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Toplantıda Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev çıxış edərək bildirib ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi, böyük siyasi iradəsi, möhtəşəm diplomatik addımları ilə Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində böyük Qələbə qazanması və ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi müasir tariximizin ən parlaq və şanlı səhifəsidir. Rəşadətli Azərbaycan Ordusunun igid əsgər və zabitləri öz canları, şəhidlərimiz qanları bahasına düşmən üzərində tam və qəti Qələbə qazanmaqla dünyanın hərb tarixinə yeni qəhrəmanlıq salnaməsi yazdılar. Bu Zəfər Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş və Prezident cənab İlham Əliyevin uğurla davam etdirdiyi siyasətin nəticəsidir.
Toplantıda YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, Göygöl Rayon İHBA şöbə müdiri I Qarabağ Müharibəsinin qazısı, ehtiyatda olan mayor Sərdar Balayev, Göygöl rayon ərazisində yerləşən N saylı Hava hücumundan müdafiə qoşunları hərbi hissəsinin zabiti mayor Aqil Namazov, Vətən Müharibəsi şəhidi Elvin Mustafayevin atası Fəxrəddin Mustafayev, Vətən müharibəsi qazisi, ehtiyatda olan Tibb xidməti leytenantı Əmin Hüseynli çıxış edərək Ali Baş Komandan Prezident cənab İlham Əliyev rəhbərliyi ilə Müzəffər Ordumuzun şücaəti və qəhrəmanlıqlarından geniş bəhs ediblər və bu gün ölkəmizdə həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindən birini olan müharibə əlilləri və şəhid ailələrinə göstərilən dövlət qayğısından danışıblar.
Tədbirin yekununda bir qrup şəxs Vətən müharibəsində qələbəyə verdiyi töhfəyə görə “8 Noyabr – Zəfər Günü” münasibəti ilə Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif olunub. Toplantıda həmçinin “Zəfərin mübarək, Azərbaycan!” adlı videoçarx nümayiş olunub.