Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl rayonunda 8 Mart – Beynəlxalq Qadınlar Günü qeyd olunub

08 mart 2024 | 14:36
Göygöl rayonunda 8 Mart–Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, YAP Göygöl Rayon Təşkilatının sədri Vüqar İsayev, Rayon Polis şöbəsinin rəisi Şəmşir Kazımov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göygöl Rayon şöbəsinin rəisi Abidin Rüstəmov, şəhid ailələri, rayonun idarə, müəssisə, təşkilatlarının nümayəndələri və ziyalılar iştirak ediblər.
Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev çıxışında şəhid anaları başda olmaqla bütün xanımları 8 Mart-Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib. Ölkədə dövlət qadın siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdiyini qeyd edərək, Azərbaycan tarixində qadına verilən dəyər və hörmət ənənələrindən bəhs etmiş, qayğıkeş ana, mehriban həyat yoldaşı olan Azərbaycan qadınının bütün sahələrlə yanaşı dövlət idarəçiliyində mühüm rəhbər vəzifələr tutduğunu vurğulayıb. Qeyd edib ki, qadınlarımız bütün dövrlərdə öz istedadı, zəkası, iradəsi və əzmi ilə milli-mənəvi dəyərlərimizin qorunub saxlanmasında və yaşadılmasında müstəsna xidmətlər göstərmişlər. Tariximizin və mədəniyyətimizin neçə-neçə şanlı, parlaq səhifəsi məhz məğrur qadınlarımızın adı ilə bağlı olmuşdur. Dövlətin inkişafı və azad vətəndaş cəmiyyətinin yaradılması üçün qadınların daha fəal olmasını, xalqımızın gələcək inkişafı üçün öz töhfələrini verməsini diqqətə çatdıran Elvin Paşayev bu baxımdan Azərbaycan Respublikasının Birinci xanımı Mehriban Əliyevanın humanizm, mərhəmət və nəciblik kimi ali mənəvi keyfiyyətlərindən irəli gələn əzmkar və çoxşaxəli fəaliyyətinin hər bir Azərbaycan qadını üçün nümunə olduğunu bildirmişdir.
YAP Göygöl Rayon Təşkilatının sədri Vüqar İsayev çıxış edərək, bəşəriyyətə ana və ilk tərbiyəçi olan qadınların həm cəmiyyətdə, həm də ailədə xüsusi rola malik olduğunu vurğulamış, ölkəmizin milli dövlətçilik ənənələrinin qurulmasında və inkişafında misilsiz xidmətləri olan Ulu Öndər Heydər Əliyevin Azərbaycan qadınının ictimai-siyasi həyatda layiqli mövqe tutmasını dövlətin mühüm vəzifələrindən biri kimi qarşıya qoyduğunu, Azərbaycan qadınlarının bilik və bacarıqlarına görə irəli çəkilməsini, xüsusən elm və təhsil sistemində onların layiqli iştirakına dəstək göstərilməsini əsas vəzifə kimi prioritet hesab etdiyini qeyd etmiş, bu gün də Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə uğurlu dövlət qadın siyasətinin həyata keçirildiyini, qadın hüquqlarının müdafiəsi və onlar üçün yaradılan bütün imkanların daha da genişləndirilməsinin dövlət siyasətində əsas istiqamətə çevrildiyini bildirmişdir.
Şəhid ailəsi Rüxsarə Atayeva çıxışında qeyd edib ki, 44 günlük Vətən müharibəsində əldə olunmuş Zəfərdə Azərbaycan qadının böyük rolu olmuşdur. Belə ki, gənc nəslin vətənpərvər ruhda böyüməsi, vətənə layiqli övlad yetişdirilməsində anaların böyük zəhməti vardır. Analar şəhidlərimizə, qazilərimizə, əsgərlərimizə dünyada ən şirin nemət olan can sağlığından daha üstün olan Ana vətəni sevməyi öyrətmişlər. Azərbaycan anaları 44 günlük Vətən müharibəsində şəhid olan oğullarına görə ruhdan düşməyərək, “vətən sağ olsun” deyərək onların övladlarına, həyat yoldaşlarına təsəlli vermişlər. Dövlət tərəfindən şəhid anaları və digər sahələrdə çalışan qadınlar daim diqqət mərkəzində saxlanılır. Şəhid və qazi ailələrinə mənzillər verilir, qazilərimizin respublikada və xaricdə müalicəsi aparılır, onlara maddi və mənəvi dəstək göstərilir. Həmçinin rayonumuzda da bu istiqamətdə mühüm işlər görülür.
Göygöl Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktor əvəzi Alagöz Bayramova çıxışında dövlət qadın siyasətindən danışaraq, Azərbaycanda milli maraqlarımıza xidmət edən və ənənələrimizi yaşadan çoxsaylı layihələrin uğurla icra olunduğunu diqqətə çatdırıb. Eyni zamanda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Göygöl Uşaq və Ailələrə Dəstək Mərkəzinin bu sahədəki fəaliyyətindən bəhs edib.
Sonra rayonun ictimai - siyasi həyatında fəal iştirak edən bir qrup qadına Göygöl Rayon İcra Hakimiyyəti başçısının və YAP Göygöl Rayon Təşkilatının Fəxri Fərmanları və xatirə hədiyyələri təqdim olunub.
Tədbir Göygöl Mədəniyyət Mərkəzinin təşkil etdiyi konsert proqramı ilə davam edib.
Keçidlər