Göygöl rayonunda 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə ümumrayon tədbiri keçirilib
08 mart 2025 | 13:35
“Konstitusiya və Suverenlik İli” çərçivəsində Göygöl Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, YAP Göygöl Rayon Təşkilatının sədri Vüqar İsayev, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid anaları və xanımları, rayonun ziyalı qadınları iştirak ediblər.
Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev çıxışında şəhid anaları başda olmaqla bütün qadınları 8 Mart-Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib, əsası Ulu Öndər tərəfindən qoyulan dövlət qadın siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdiyini qeyd edərək, Azərbaycan tarixində qadına verilən dəyər və hörmət ənənələrindən bəhs edib, qayğıkeş ana, mehriban həyat yoldaşı olan Azərbaycan qadınının bütün sahələrlə yanaşı dövlət idarəçiliyində mühüm rəhbər vəzifələr tutduğunu vurğulayıb. Dövlətin inkişafı və azad vətəndaş cəmiyyətinin yaradılması üçün qadınların daha fəal olmasını, xalqımızın gələcək inkişafı üçün öz töhfələrini verməsini diqqətə çatdıran Elvin Paşayev bu baxımdan Azərbaycan Respublikasının Birinci xanımı Mehriban Əliyevanın humanizm, mərhəmət və nəciblik kimi ali mənəvi keyfiyyətlərindən irəli gələn əzmkar və çoxşaxəli fəaliyyətinin hər bir Azərbaycan qadını üçün nümunə olduğunu bildirmişdir.
YAP Göygöl Rayon Təşkilatının sədri Vüqar İsayev çıxışında Ulu Öndər Heydər Əliyevin Azərbaycan qadınının ictimai-siyasi həyatda layiqli mövqe tutmasını dövlətin mühüm vəzifələrindən biri kimi qarşıya qoyduğunu və bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə uğurlu dövlət qadın siyasətinin həyata keçirildiyini, qadın hüquqlarının müdafiəsi və onlar üçün yaradılan bütün imkanların daha da genişləndirilməsinin dövlət siyasətində əsas istiqamətə çevrildiyini bildirmişdir.
Şəhid anası Afət Yusufova çıxışında gənc nəslin vətənpərvər ruhda böyüməsi və vətənə layiqli övlad yetişdirilməsində Azərbaycan qadının böyük rolu olduğunu qeyd edərək, şəhid və qazi ailələrinə dövlət tərəfindən göstərilən diqqət və qatğıdan ətraflı məlumat verərək, minnətdarlığını bildirmişdir.
Göygöl Rayon UADM direktoru Ülfanə Səfərova çıxışında dövlət qadın siyasətindən danışaraq, Azərbaycanda milli maraqlarımıza xidmət edən və ənənələrimizi yaşadan çoxsaylı layihələrin uğurla icra olunduğunu diqqətə çatdırıb.
Tədbirdə şəhid anaları və xanımları xüsusi təbrik olunublar və onlarla xatirə şəkili çəkdirilib. Tədbirin sonda rayonun ictimai - siyasi həyatında fəal iştirak edən bir qrup qadın Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif olunublar.