Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl rayonunda 5 dekabr - Beynəlxalq Könüllülər Gününə həsr olunmuş tədbir təşkil olunub

05 dekabr 2024 | 20:20
Göygöl Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Gənclər Evində keçirilən tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, aidiyyəti qurumların nümayəndələri və rayon könüllüləri iştirak ediblər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan olunaraq, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olan vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra könüllülərin fəaliyyətinə həsr olunmuş videoçarx təqdim olunub.
Tədbirdə çıxış edən Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev tədbir iştirakçılarını “Könüllülər Günü” münasibəti ilə təbrik edərək könüllülük fəaliyyətinin nəcib bir fəaliyyət olduğunu qeyd edib, Respublikada könüllülük fəaliyyətinin yaranma tarixi və “ASAN xidmət” könüllülərinin ölkəmizdə könüllülük hərəkatının geniş vüsət almasındakı rolu, bu istiqamətdə aparılan işlər nəticəsində əldə olunan uğurlar barədə geniş və ətraflı məlumat verib, gənclərə könüllü olmağın onlara verdiyi və verə biləcəyi faydalar barədə tövsiyələrini bildirib. Eyni zamanda qeyd olunub ki, könüllülük həm də vətənpərvərlik məktəbi, öz xalqına, dövlətinə, milli-mənəvi dəyərlərə bağlılıq və xidmət örnəyidir. Bu fəaliyyətin təşviqi məqsədilə dövlətimiz tərəfindən zəruri addımlar atılmış, normativ hüquqi baza təkmilləşdirilmiş, dövlət dəstəyi mexanizmləri formalaşdırılmışdır. Könüllülük bir çox fəaliyyət sahələrinə nüfuz edərək ümummilli hərəkata çevrilmiş, ölkəmizin hər bir bölgəsinə, ictimai həyatın müxtəlif sahələrinə yayılaraq, cəmiyyətimizin bütün təbəqələrini əhatə etmiş, gənclərimizin həyat tərzinə çevrilmişdir. Könüllülərimiz ölkəmizdə təşkil olunan irimiqyaslı beynəlxalq tədbirlərin həyata keçirilməsində əvəzsiz rol oynamış, qlobal problemlərə də öz töhfələrini vermişlər.
Tədbirdə çıxış edən könüllülər Azərbaycan xalqının əsrlər boyu xeyirxahlıq, fədakarlıq, könüllü və təmənnasız kömək ənənələrini yaşatdığını, könüllülüyün insanları vahid niyyət ətrafında birləşdirən, vətəndaş, cəmiyyət və dövlətin birgə fəaliyyətinin ən uğurlu format olduğunu vurğulayaraq Göygöl rayonunda təşkil olunan könüllülük fəaliyyəti barədə ətraflı məlumat veriblər. Bildirilib ki, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində rayonumuzda həyata keçirilən silsilə tədbirlərdə, eyni zamanda cari ildə təşkil olunmuş “Yaylaq” və “Moruq” festivallarında Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzinin “Aqrar İnkişaf Könüllüləri”, Göygöl Gənclərin İnkişaf və Karyera Mərkəzinin, Göygöl Gənclər Evinin könüllüləri fəal iştirak etmişlər.
Tədbirin sonunda il ərzində rayonda könüllülük fəaliyyətində fərqlənən bir qrup könüllü Göygöl Rayon İcra Hakimiyyətinin başçısının Fəxri Fərmanı ilə təltif olunub. Sonra könüllülərlə xatirə şəkli çəkdirilib.
Keçidlər