Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl rayonunda 31 mart Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş dəyirmi masa keçirilib

30 mart 2024 | 12:00
Dəyirmi masada Göygöl Rayon İcra Hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Kəmalə İbrahimova, YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, ziyalılar, Vətən müharibəsi iştirakçıları və gənclər iştirak ediblər. Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin və soyqırım qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Göygöl Rayon İcra Hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Kəmalə İbrahimova, YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev və digər natiqlər Salman Balakişiyev, Vətən müharibəsi iştirakçısı Faiq Bayramov, Şəfa Rüstəmova, Ələkbər Hüseynov və Xanım Hümbətova çıxış edərək tarix boyu təcavüzkar siyasət yeridən, qanlı əməllərindən dönməyən ermənilərin zaman-zaman xalqımızı soyqırıma məruz qoymasından geniş və ətraflı məlumat veriblər. Bildirilib ki, 1918-ci ilin mart günlərindəki qırğınlar zamanı ermənilər üç gün ərzində Bakıda 12 min soydaşımızı vəhşicəsinə qətlə yetirmişlər. Sonrakı günlərdə Bakı və Gəncə quberniyalarında, Quba, Xaçmaz, Şamaxı, Lənkəran, Muğan qəzalarında və digər bölgələrdə də ermənilər tərəfindən qanlı faciələr törədilmişdir. Mart hadisələri zamanı yüzlərlə şəhərimiz və kəndimiz xarabalığa çevrilmiş, 50 mindən çox soydaşımız, o cümlədən Bakıda 30 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, məscidlər, məktəblər yandırılmış və dağıdılmışdır.
Ümummilli lider Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 26 mart 1998-ci il tarixli fərmanı ilə xalqımıza qarşı törədilmiş ağır cinayətlərə hüquqi-siyasi qiymət verilmişdir. Bu gün isə Prezident İlham Əliyevin rəhbərliyi ilə erməni təcavüzünün nəticələrinin aradan qaldırılması, respublikamızın ərazi bütövlüyünün və suverenliyinin təmin olunması, aparıcı dünya dövlətləri və nüfuzlu beynəlxalq dairələr tərəfindən ölkəmizin ədalətli mövqeyinin etiraf olunması və müdafiəsi istiqamətində ardıcıl və məqsədyönlü işlər görülür. Dövlət başçısı cənab İlham Əliyevin 30 dekabr 2009-cu il tarixli “Quba şəhərində Soyqırımı Memorial Kompleksinin yaradılması haqqında” və 18 yanvar 2018-ci il tarixində “1918-ci il Azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” imzaladığı sərəncamlar bu istiqamətdə atılan mühüm addımlardan biridir. Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun soyqırımla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində gerçəkləşdirdiyi mühüm layihələr xüsusi qeyd edilməlidir.
Sonda 31 Mart Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş videoçarx nümayiş olunub.
Keçidlər