Göygöl rayonunda 31 dekabr–Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramına həsr olunmuş ümumrayon tədbiri keçirilib
01 yanvar 2025 | 14:30
Göygöl Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Qələbə parkında” təşkil olunmuş bayram tədbirində Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, Yeni Azərbaycan Partiyası Göygöl rayon Təşkilatının sədri Vüqar İsayev, rayonun hüquq-mühafizə orqanlarının və idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri və qazilər, ağsaqqallar, ziyalılar, rayon ictimaiyyəti və rayonumuzun qonaqları iştirak ediblər.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin və qəhrəman şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edən Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev bildirib ki, Dünya Azərbaycanlılarının Həmrəylik Gününün təsis edilməsi müxtəlif ölkələrdə yaşayan həmvətənlərimiz arasında siyasi-iqtisadi, mədəni münasibətlərin genişlənməsinə imkan yaradıb, Ulu Öndər Heydər Əliyevin dünya azərbaycanlılarının vahid milli ideologiya ətrafında birləşdirilməsi istiqamətindəki əvəzsiz xidmətlər göstərib. Vətən müharibəsi Azərbaycan xalqının birliyini, hər zaman Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx səfərbər olduğunu bir daha nümayiş etdirdi. II Qarabağ müharibəsi zamanı siyasi əqidəsindən, statusundan, vəzifəsindən, milli mənsubiyyətindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı milli həmrəylik nümayiş etdirdi. Vətən müharibəsində dünyanın bütün ölkələrində yaşayan azərbaycanlılar da tarixdə görünməmiş dərəcədə fəallıq göstərdilər, daha sıx birləşdilər. İcra başçısı bu günün dövlət bayramı kimi qeyd edilməsinin xalqımızın milli azadlıq mübarizəsinin məntiqi nəticəsi olaraq xoş ənənəyə çevrildiyini diqqətə çatdıraraq, yeni ilin sağlamlıq, xoşbəxtlik və müvəffəqiyyətlərlə dolu keçməsini arzulayıb.
Sonra uşaqlar üçün əyləncəli oyunlar, viktorinalar, nağıl personajlarının və Şaxta Babanın çıxışı, tanınmış müğənnilərinin iştirakı ilə hazırlanmış konsert proqramı nümayiş olunub. Tədbir lazer şou və atəşfəşanlıqla başa çatıb.