Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl rayonunda 29 Aprel Beynəlxalq Rəqs Gününə həsr olunmuş tədbir keçirilib

01 may 2024 | 17:59
Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi Göygöl rayon Mədəniyyət Mərkəzi və Göygöl rayon İrəvan İdman Klubunun Rəqs bölməsinin birgə təşkilatçılığı ilə Yay kinoteatrında keçirilən tədbirdə Göygöl Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə İbrahimova, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin Göygöl rayonu üzrə nümayəndəsi Vüsal Rzayev, Göygöl Mədəniyyət Mərkəzinin direktoru Əminə Rəhimova, Göygöl rayon İrəvan İdman Klubunun rəhbəri Fəxri Cəfərov, təhsil işçiləri, məktəblilər və valideynlər iştirak ediblər. Tədbirdə çıxış edən natiqlər Azərbaycan rəqslərinin qədim və zəngin tarixə malik olduğunu qeyd edərək, Azərbaycanda rəqs sənətinin müxtəlif növləri və janrları öz mahiyyətini folklorumuzun bir qolu olan xalq rəqslərindən götürdüyünü vurğulamışlar. Bildirilmişdir ki, Azərbaycan xalq rəqsləri olduqca rəngarəngdir. Onlar quruluş, süjet və mövzu baxımından biri-birindən çox fərqlənir. Bu gün məşhur olan milli rəqslərimizə – “Azərbaycan”, “Heyvagülü”, “Uzundərə”, “Toy rəqsi”, “Turacı”, “Tərəkəmə”, “Cəngi”, “Şalaxo”, “İnnabı”, “Qızılgül”, “Qazağı”, “Qaytağı”, “Qoçəli”, “Lalə”, “Misri”, “Naznazı”, “Vağzalı”, “Yallı” və digərlərini misal gətirmək olar.
Dahi bəstəkar Üzeyir Hacıbəyli tərəfindən yaradılmış Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı bu gün tamaşaçılara bir-birindən gözəl rəqslər və xoş ovqat bəxş edir.
Əminə Dilbazi, Afaq Məlikova, Roza Cəlilova, Təranə Muradova, Tamilla Məmmədova, Böyükağa Məmmədov, Kamil Dadaşov, Böyükağa Atababayev və başqaları öz ifalarında milli elementləri qoruyub saxlamaqla milli rəqsimizi inkişaf etdirərək yeni çalarlarla zənginləşdiriblər.
Tədbirdə Göygöl Mədəniyyət Mərkəzinin və Göygöl rayon İrəvan İdman Klubunun rəqs qrupunun üzvlərinin təqdimatında bir-birindən gözəl rəqslər təqdim edilib.
Keçidlər