Göygöl rayonunda 28 May - Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib
27 may 2024 | 19:05
28 May - Müstəqillik Günü münasibəti ilə Göygöl Rayon İcra Hakimiyyətinin və YAP Göygöl rayon təşkilatının birgə təşkilatçılığı ilə "Azad yaşamaq hər bir vətəndaşın konstitusion hüququdur" adlı keçirilən tədbirdə ilk öncə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Göygöl Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Kəmalə İbrahimova giriş nitqi ilə tədbiri açıq elan edərək bildirib ki, 28 May – Müstəqillik Günü şanlı tariximizə qızıl hərflərlə həkk olunmuş, hər bir Azərbaycan vətəndaşının qürur mənbəyi olan bir gündür. 1918-ci il mayın 28-də mürəkkəb siyasi hərbi-şəraitdə əsarət altında yaşayan, tarixi, mədəniyyəti, dili, dini sıxışdırılan Azərbaycan xalqı özünün və Şərqin ilk demokratik, hüquqi, dünyəvi və parlamentli respublikasını yaradıb. Cümhuriyyətin ömrü uzun olmasa da, qısa bir müddət - 23 ay ərzində çox böyük işlər görə bilib. Bu qısa dövrdə dövlət bayrağı, dövlət himni və gerbi, Azərbaycan vətəndaşlığı təsis edilib, milli ordu yaradılıb. Həmin dövr üçün olduqca mütərəqqi sayılan müddəaları özündə əks etdirən çoxsaylı qanunlar qəbul edilib. Demokratik hüquq və azadlıqların, etnik və dini mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşların bərabər hüquqlarının tanınması, hətta bir çox Avropa ölkəsindən daha əvvəl qadınlara seçki hüququnun verilməsi, Azərbaycan dilinin dövlət dili elan edilməsi, təhsil və mədəniyyətin inkişafına xüsusi diqqət göstərilməsi və həyata keçirilmiş digər işlər həmin dövr üçün atılmış böyük addımlar idi.
Yeni Azərbaycan Partiyası Göygöl Rayon Təşkilatının sədri Vüqar İsayev çıxışında qeyd etdi ki, həmin dövrdə mürəkkəb siyasi şəraitdə yaranmış dövləti qoruyub saxlamaq təəssüf ki, mümkün olmadı. Bundan sonra ilk dəfə olaraq rəsmi qaydada üçrəngli bayrağı ulu öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sessiyasında rəsmi dövlət bayrağı kimi qaldırıb. Bununla da müstəqilliyə gedən yolun əsası qoyulub. Sovet İttifaqı mövcud olduğu bir vəziyyətdə belə cəsarətli addımın atılması Ulu Öndərin xalqına, dövlətinə nə qədər bağlı olduğunu, bu yolda nə qədər cəsarətli, dönməz olduğunu bir daha göstərdi. XX əsrin sonlarında müstəqilliyinə yenidən qovuşan Azərbaycan suverenliyini qoruyub saxlamağı bacardı.
Ümummilli Liderin hərtərəfli uzaqgörən siyasətini bugünkü gündə Prezident İlham Əliyev uğurla davam etdirməkdədir. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasında demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi, siyasi, iqtisadi və sosial islahatlar uğurla həyata keçirilir. Bu illər ərzində Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində maddi-sosial və texniki cəhətdən təchiz olunmuş, ən müasir silahlarla silahlanıb, dünyanın 50 ən güclü orduları sırasında özünə layiqli yer tutan Azərbaycan Ordusu formalaşıb. Məhz bu kompleks tədbirlərin nəticəsidir ki, 2020-ci il sentyabrın 27-də Azərbaycan Ordusunun işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələrin ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin son illərdə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik, döyüşçülərimizin qəhrəmanlığı, vətənpərvərliyi, ruh yüksəkliyi idi. Azad edilmiş ərazilərdə Prezidentin göstərişi ilə sürətli bərpa işləri həyata keçirilir və keçmiş məcburi köçkünlər öz yurd yuvalarına qayıdırlar.
Tədbirdə Göygöl Gənclər Evinin metodisti Gülmira Əbdülkərimova və Göygöl Mərkəzi Kitabxana Sisteminin kitabxanaçısı Sevinc Paşayeva geniş məruzə ilə çıxış ediblər. Sonra Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin Göygöl rayon üzrə nümayəndəsi Vüsal Rzayev, Göygöl Gənclər Evinin direktoru Şəhriyar İsmayılzadə, Göygöl rayon Qarabağ Əlillərinə Qayğı İctimai Birliyinin sədri Araz Abbasov, eyni zamanda Vəfa İbrahimova, Könül Kazımova və digər tədbir iştirakçıları müstəqillik tariximiz barədə söhbət açıblar.
Sonda tədbir iştirakçılarına 28 May - Müstəqillik Günü ilə bağlı videoçarx nümayiş etdirilib.