Göygöl rayonunda 23 iyun dövlət qulluqçularının peşə bayramı qeyd olunub
23 iyun 2024 | 11:45
Dövlət qulluqçularının peşə bayramı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamı ilə təsis edilib. Göygöl Rayon İcra hakimiyyətinin təşkilatçılığı ilə 23 iyun dövlət qulluqçularının peşə bayramı geniş tərkibdə qeyd olunub. Tədbirdə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədri Vüqar İsayev və rayonda çalışan dövlət qulluqçuları iştirak ediblər.
Əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülüb, əziz xatirəsi ehtiramla anılıb. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin sədaları ilə açıq elan olunub, ulu öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra 23 iyun dövlət qulluqçularının peşə bayramına həsr olunmuş videoçarx təqdim olunub.
Tədbirdə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev çıxış edərək, dövlət qulluqçularını peşə bayramı münasibəti ilə təbrik edib, Azərbaycanda dövlət qulluğu sahəsində aparılan islahatlardan və mühüm nəticələri barədə geniş və ətraflı məlumat verib. Qeyd olunub ki, bu gün sürətlə inkişaf edən Azərbaycanın beynəlxalq aləmdə öz nüfuzunu möhkəmləndirməsi ümummilli lider Heydər Əliyevin dövlət idarəetmə sistemində həyata keçirdiyi islahatlardan başlayıb. Prezident cənab İlham Əliyevin bu islahatları qətiyyətlə davam etdirməsi sayəsində ölkəmizin qüdrəti gündən-günə artmaqdadır. Bu gün tam əminliklə demək olar ki, respublikamızda müasir tələblərə cavab verən dövlət idarəetmə sistemi qurulub, hakimiyyətin bütün qollarının funksiyaları dəqiq müəyyənləşdirilib, vətəndaşların hüquq və azadlıqlarının qorunması və həyata keçirilməsi üçün zəruri təsisatlar yaradılıb. Müstəqillik illərində Azərbaycanda hüquqi dövlətin qurulması, idarəetmə sisteminin təkmilləşdirilməsi, ölkənin daha yaxşı idarə olunması üçün zəruri tədbirlər görülüb, bir çox strukturlar ləğv edilib və yeni idarəetmə orqanlarının yaradılması prosesi davam etdirilir. Bu orqanların dövlət quruculuğunda və ölkənin idarə olunmasında rolunu artırmaq və işini səmərəli təşkil etmək üçün vaxtaşırı onların əsasnamə və nizamnamələrində, eləcə də strukturlarında müvafiq dəyişikliklər edilir, vəzifələri və funksiyaları dəqiqləşdirilir.
Tədbirdə Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, Statistika idarəsinin aparıcı məsləhətçisi Sənan Mirzəyev və Təhsil sektorunun aparıcı məsləhətçisi Aytac Əsgərzadə geniş məruzələrlə çıxış ediblər.
Sonda dövlətçilik prinsiplərinə sadiq qaldığına görə bir qrup dövlət qulluqçusuna Göygöl Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı təqdim olunub.