Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl rayonunda “23 iyun – Dövlət Qulluqçularının peşə bayramı günü” qeyd edilib

23 iyun 2022 | 15:03

Göygöl rayonunda 23 iyun – Dövlət Qulluqçularının peşə bayramı günü münasibəti ilə tədbir keçirilib. Tədbir iştirakçıları ilk öncə Ümummilli lider Heydər Əliyevin heykəli önünə gül dəstələri qoyaraq, ona hörmət və ehtiramlarını ifadə ediblər.

  Sonra tədbir İcra Hakimiyyətinin  akt zalında davam edib. Tədbiri giriş sözü ilə açan Göygöl Rayon İcra Hakimiyyətinin başçısının səlahiyyətlərinin icraçısı, başçının birinci müavini Turani Əliyev dövlət qulluqçularını peşə bayramı günü münasibəti ilə təbrik edərək qeyd edib ki, Azərbaycan Respublikasında demokratik, hüquqi və dünyəvi dövlət qurulması prosesində dövlət qulluğunun rolunu və Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən iyunun 23-ü Birləşmiş Millətlər Təşkilatının Dövlət Qulluğu Günü elan edildiyini nəzərə alaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 may 2006-cı il tarixli sərəncamı ilə iyunun 23-ü Azərbaycan Respublikasının dövlət qulluqçularının peşə bayramı günü elan olunub.

Tədbirdə məruzə ilə çıxış edən Göygöl Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Kəmalə İbrahimova qeyd edib ki, bu gün sürətlə inkişaf edən Azərbaycanın beynəlxalq aləmdə öz nüfuzunu möhkəmləndirməsi ümummilli lider Heydər Əliyevin dövlət idarəetmə sistemində həyata keçirdiyi islahatlardan başlayıb. Prezident cənab İlham Əliyevin bu islahatları qətiyyətlə davam etdirməsi sayəsində ölkəmizin qüdrəti günü-gündən artmaqdadır. Bu gün tam əminliklə demək olar ki, respublikamızda müasir tələblərə cavab verən dövlət idarəetmə sistemi qurulub, hakimiyyətin bütün qollarının funksiyaları dəqiq müəyyənləşdirilib, vətəndaşların hüquq və azadlıqlarının qorunması və həyata keçirilməsi üçün zəruri təsisatlar yaradılıb.

Azərbaycanda dövlət qulluğu sahəsində aparılan islahatların ən mühüm nəticələrindən biri 2000-ci il iyulun 21-də “Dövlət qulluğu haqqında” Qanunun qəbul edilməsidir. Həmin qanunla Azərbaycanda dövlət qulluğu sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasının əsası qoyulub, bu sahədə kadr siyasətinin əsas prinsipləri, dövlət qulluqçularının cəmiyyətdəki yeri, onların hüquq və vəzifələri müəyyənləşdirilib. Dövlət qulluğu haqqında qəbul edilmiş bu qanun dövlətlə dövlət qulluqçuları arasında yaranan münasibətləri və dövlət qulluqçularının hüquqi vəziyyəti ilə bağlı məsələləri tənzimləyir. Digər inkişaf etmiş ölkələrdə olduğu kimi, Azərbaycanda da dövlət qulluğu irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, sosial mənşəyindən, ailə, əmlak və qulluq vəziyyətindən, yaşayış yerindən, əqidəsindən asılı olmayaraq müvafiq vəzifənin tələblərinə uyğun peşə hazırlığına malik olan ölkə vətəndaşları hesabına formalaşır. Dövlət qulluğunun başlıca funksiyası, onun mahiyyəti - dövlətə qulluq etmək, dövlət və cəmiyyət, dövlət və onun vətəndaşları arasında dayanıqlı əlaqəni yaratmaq, öz fəaliyyətində əməli surətdə demokratik prinsipləri realizə etmək, vətəndaş cəmiyyətinin genişləndirilməsinə şərait yaratmaqdır.

Tədbirin sonunda dövlətçilik prinsiplərinə sadiq qaldıqlarına görə bir qrup dövlət qulluqçusuna Göygöl Rayon İcra Hakimiyyəti Başçısının  fəxri fərmanı və xatirə hədiyyəsi təqdim olunub.

Keçidlər