Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl rayonunda “2023-cü il - Heydər Əliyev ili” çərçivəsində "Tarix yazan əbədiyaşar lider" mövzusunda toplantı keçirilib

20 noyabr 2023 | 19:21
Göygöl Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının birgə təşkilatçılığı ilə “2023-cü il Heydər Əliyev ili” ilə bağlı keçirilən silsilə tədbirlər çərçivəsində YAP-ın 31 illik yubileyinə həsr olunan "Tarix yazan əbədiyaşar lider" mövzusunda tədbir keçirilib. Tədbirdə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, millət vəkili Pərvin Kərimzadə, Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbə müdiri Həsən Məmmədov, Gəncə Dövlət Universitetinin Sosial fənlər kafedrasının müdiri Cavid Bağırzadə, Azərbaycan Dövlət Aqrar Universitetinin İctimai fənlər kafedrasının müdiri Elgün Aslanov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, İcra Hakimiyyətinin əməkdaşları və YAP Göygöl rayon təşkilatının bütün ərazi partiya təşkilatlarını təmsil edən şəxslər iştirak edib.
Tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, sonra Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev Yeni Azərbaycan Partiyasının 31 illik yubileyi münasibətilə rayon ictimaiyyətini və qonaqları təbrik edib. O, Azərbaycan dövlətinin inkişafı və tərəqqisi yolunda YAP-ın və Ulu Öndər Heydər Əliyevin titanik xidmətlərini diqqətə çatdırıb və davamlı yüksəliş yolunda inamla irəliləyən Müasir Azərbaycanın Heydər Əliyevin həyat amalının təntənəsi olduğunu qeyd edərək, vətəninə sonsuz sevgi ilə bağlı olan hər bir Azərbaycanlının ümummilli lider Heydər Əliyevin ideyalarını öz fəaliyyətində rəhbər tutmaqla, Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın müstəqilliyinin əbədi yaşaması uğrunda mübarizə aparmağa hər an hazır olduğunu bildirib.
Göygöl rayon YAP sədri Vüqar İsayev çıxış edərək Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı tarixi xidmətlərindən bəhs edib. O bildirib ki, Heydər Əliyevin təşəbbüsü ilə Yeni Azərbaycan Partiyasının yaradılması dövlətçiliyimizin, müstəqilliyimizin daha da möhkəmlənməsi istiqamətində atılan mühüm addımlardandır. YAP milyonlarla azərbaycanlının partiyasıdır.
Sonra YAP İdarə Həyətinin üzvü, millət vəkili Pərvin Kərimzadə deyib ki, Ulu Öndər Heydər Əliyev həyatının hər gününü müstəqil Azərbaycanın inkişafına həsr edib. Həmçinin, 1980-cu ildə Gəncənin tarixi adının bərpası və Yeni Gəncə massivinin salınması, Nizami Gəncəvinin yubileylərinin keçirilməsi və sair kimi xidmətlərini diqqətə çatdırıb. Bildirilib ki, Ulu Öndərin sarsılmaz siyasətinin möhkəmliyi özünü Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə mənfur düşmən üzərində Qələbə ilə göstərdi.
Çıxış edən Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov xalqın tələbi ilə Azərbaycanda hakimiyyət gələn Ulu Öndər Heydər Əliyevin çətin və ağır zamanlarda ölkəmizə rəhbərlik etdiyi dövrlərdən söz açıb. Rektor deyib ki, ordu quruculuğu istiqamətində Heydər Əliyevin rəhbərliyi ilə başlanan islahatlar bugün Azərbaycan Ordusunun dünyanın aparıcı ordularından biri olmasına gətirib çıxarıb. Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində ölkəmiz daha da qüdrətli dövlətə çevriləcək.
Sonra Gəncə Dövlət Universitetinin kafedra müdiri Cavid Bağırzadə, Azərbaycan Dövlət Aqrar Universitetinin kafedra müdiri Elgün Aslanov mövzu ətrafında çıxışlar ediblər.
Sonda rayonun ictimai-siyasi həyatında fərqlənən bir sıra partiya fəalları fəxri fərmanla mükafatlandırılıb.
Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə bağlı elan edilib.
Keçidlər