Göygöl rayonunda 15 may – Beynəlxalq Ailə Gününə həsr olunmuş silsilə tədbirlər keçirilir
15 may – Beynəlxalq Ailə Günü ilə bağlı Göygöl rayonu Hacıməlik qəsəbəsi 1 nömrəli tam orta məktəbdə “Uşaqlara qarşı zorakılığın qarşısının alınması” mövzusunda tədbir keçirilib. Tədbirdə Göygöl Rayon İcra Hakimiyyəti başçısı Aparatı yanında fəaliyyət göstərən Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın məsul katibi-böyük məsləhətçi Vəfa İbrahimova, Göygöl Uşaq və Ailələrə Dəstək Mərkəzinin sosial iş üzrə mütəxəssis-psixoloqu Günay Qarayeva, sosial iş üzrə mütəxəssisləri Sevinc Abbasova, Məltəm Rüstəmova, müəllimlər və valideynlər iştirak ediblər. Tədbirdə çıxış edən əməkdaşlar Beynəlxalq Ailə Gününün mahiyyətindən, uşaqların tərbiyə olunmasında şiddətin heç bir növünün düzgün tərbiyə metodu olmadığından, ailə məişət zorakılıqlarının uşağın böyüməsində gələcək həyatında mənfi təsirlərindən, uşaqların sağlam və xoşbəxt gələcəyində, şəxsiyyət kimi formalaşmasında ailənin rolunun danılmaz olduğundan danışıblar. Tədbirin sonunda “Övladınızın ən yaxın sirdaşı olun!” adlı videoçarx nümayiş edilib və mövzu ətrafında valideynlərlə müzakirələr aparılıb.