Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl rayonunda “15 İyun – Milli Qurtuluş Günü” qeyd edilib

15 iyun 2024 | 12:15
Göygöl Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının birgə təşkilatçılığı ilə “15 İyun – Milli Qurtuluş Günü” münasibəti ilə “Heydər Əliyevin xilaskarlıq missiyası müstəqilliyimizin dönməzliyini təmin etdi” mövzusunda dəyirmi masa təşkil olunub. Tədbirdə Göygöl Rayon İcra hakimiyyətinin başçısı Elvin Paşayev, YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, idarə, müəssisə və təşkilat rəhbərləri, YAP fəalları və rayon gəncləri iştirak ediblər. Tədbir iştirakçıları öncə, Ulu Öndərin Göygöl şəhər Heydər Əliyev adına mədəniyyət və istirahət parkında ucaldılmış abidəsini ziyarət ediblər, sonra tədbir Heydər Əliyev Mərkəzində davam edib. Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və qəhrəman şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ardınca “15 İyun – Milli Qurtuluş Günü”nə həsr olunmuş sənədli film təqdim olunub.
Dəyirmi masada giriş nitqi ilə çıxış edən Rayon İcra hakimiyyətinin başçısı Elvin Paşayev qeyd edib ki, Milli Qurtuluş Günü böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqa arxa olan ümummilli lider Heydər Əliyevdir. 15 iyun günü Azərbaycan xalqının tarixində ən əlamətdar günlərdən biri olmaqla, zaman-zaman tarixin çətin sınaqlarına məruz qalan xalqımızın xilası günü kimi daxil olub. Ümummilli lider Heydər Əliyev ideyaları sarsılmaz və dönməzdir, bu ideyaları başda dövlət başçımız cənab İlham Əliyev olmaqla, bütün xalqımız yaşadır. Bu gün Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin bu siyasətin uğurla həyata keçirilməsi, qətiyyətli və məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu günü-gündən artan dövlətə çevrilib. Prezident Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti, Müzəffər Azərbaycan Ordusunun və şəhidlərimizin qəhrəmanlığı 30 illik işğala son qoydu. Beləliklə, düşmənin illərlə yaratdığı “məğlubedilməz ordu” mifi 44 gün ərzində bütün dünyanın gözü qarşısında fiaskoya uğradı, Ermənistan ordusu darmadağın edildi və “Dəmir yumruq” əməliyyatı Azərbaycanın Şanlı Zəfəri ilə başa çatdı. Bu gün Azərbaycan suverenliyini tam bərpa etmiş dünyada söz sahibidir, ölkəmiz tərəqqi və sürətli inkişaf yolundadır. Bu tərəqqi ulu öndər Heydər Əliyev ideyalarının təntənəsidir, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin qayğı və diqqətinin təzahürüdür.
YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev məruzə ilə çıxış edərək bildirmişdir ki, uzun illər idarəçilik sükanı arxasında olmuş görkəmli dövlət xadimi Heydər Əliyevin zəngin təcrübəsi məhz 15 iyun günü Azərbaycan xalqının öz müstəqilliyini qorumaq istəyi ilə birləşərək dağılmaq ərəfəsində olan ölkəmizi xilas etdi. Xalqın siyasi iradəsini əks etdirən bu birliyə arxalanan Heydər Əliyevin xilaskarlıq missiyası ölkəni vətəndaş müharibəsindən, daxili hərc-mərclikdən ləyaqətlə çıxara bildi. Daxili sabitlik, iqtisadi islahatlar, demokratik mühitin güclənməsi, ölkə iqtisadiyyatının davamlı inkişafını, dünyaya inteqrasiyasını və regionda həqiqi güc mərkəzinə çevrilməsini təmin etdi. Heydər Əliyev siyasi kursunu 2003-cü ildən etibarən inamla davam etdirən Möhtərəm Prezidentimiz cənab İlham Əliyev Ulu Öndərin milli dövlətçilik fəlsəfəsinə istinad edir və bu gün cənab İlham Əliyevin həyata keçirdiyi çoxsahəli islahatlar Azərbaycan dövlətinin siyasi xarakterini və inkişaf yolunu müəyyən edir.
Partiya veteranı Əmirxan Mövlayev, partiya fəallarından Günay Novruzzadə, Cavid Əliyev və digərləri çıxış edərək Azərbaycan tarixinin ən şanlı səhifəsi olan “Qurtuluş Günü”nün xalqımıza bəxş etdiyi töhfələrdən, əldə olunan yüksək nailiyyətlərdən danışıblar.
Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında fəal iştirak edən şəxslərə Fəxri Fərmanlar və partiya üzvlüyünə yeni qəbul olunmuş bir qrup gəncə üzvlük vəsiqələri təqdim olunub.
Keçidlər