Göygöl rayonunda “1 Mart – Ümumdünya Mülki Müdafiə Günü” münasibəti ilə nümunəvi mülki müdafiə məşqi keçirilib
01 mart 2023 | 18:47
01 mart 2023-cü il tarixdə Göygöl Rayon İcra Hakimiyyətinin İnzibati binasında “1 Mart – Ümumdünya Mülki Müdafiə Günü” münasibəti ilə “Risklərin qiymətləndirilməsində informasiya texnologiyalarının rolu” mövzusunda nümunəvi mülki müdafiə məşqi keçirilib. Tədbirdə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı, Rayonun Mülki Müdafiə rəhbəri Elvin Paşayev, Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin Mülki müdafiə hazırlığı şöbəsinin rəisi polkovnik-leytenant Rauf Abbasov, həmin şöbənin baş zabiti mayor Ramin Orucov, Göygöl Rayon İcra Hakimiyyəti başçısı Aparatının “Fövqəladə Hallar Komissiyası”, Hərbiləşdirilməmiş Mülki Müdafiə Qüvvələri, Mülki Müdafiə Qüvvələrinə cəlb olunmayan işçilər və Rayonun Mülki Müdafiə Xidmətləri iştirak edib.
Məşqin keçirilməsində məqsəd təbii, texnogen və antropogen xarakterli hadisələr zamanı işçilərin davranış qaydalarına əməl etmək üçün hazırlıq vəziyyətinin yoxlanılması və hadisənin nəticələrinin aradan qaldırılması sahəsində vərdişlərin aşılanmasından ibarət olub. Məşqin gedişində Rayonun Mülki Müdafiə rəhbəri Elvin Paşayev rayon ərazisində mövcud olan xidmət qüvvələrinin hazırlıq vəziyyətini yoxlamaq məqsədi ilə Rabitə, Tibb, Yanğından Mühafizə, İctimai Asayişin Mühafizəsi, Gigiyena və Epidemiologiya, Qaz, Elektrik və Baytarlıq xidmətlərinə çıxış komandası verərək onların fövqəladə hadisələr zamanı vəzifələrinin öhdəsindən gəlmə bacarıqlarını yoxlayıb. Məşqə 140 nəfər şəxsi heyət, 15 texnika və avadanlıq cəlb edilib.