Göygöl rayonunda 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirilib
Göygöl rayon İcra Hakimiyyətinin, YAP Göygöl təşkilatının birgə təşkilatçılığı ilə Göygöl rayon Mədəniyyət və istirahət parkında yerləşən Yay kinoteatrında 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirilib. Tədbirdə Göygöl rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərinin icraçısı Turani Əliyev, YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, idarə, müəssisə və Həmkarlar təşkilatlarının rəhbərləri, şəhid ailələri, ziyalılar və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Göygöl rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərinin icraçısı Turani Əliyev tədbir iştirakçılarını salamladıqdan sonra, bütün uşaqları 1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə təbrik edərək qeyd edib ki, 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününün təsis olunması 1950-ci ildə BMT Baş Assambleyasında təşkil olunan "Qadınların Beynəlxalq Konfransı"nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflərin müzakirəsi zamanı irəli sürülüb və 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib. Bundan sonra 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb. Dünyanın bir çox ölkələrində olduğu kimi Azərbaycanda da 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günü kimi qeyd edilir. Respublikamızda uşaq-gənclər siyasəti Möhtərəm Prezidentimiz cənab İlham Əliyev və birinci vitse-prezident xanım Mehriban Əliyeva tərəfindən uğurla həyata keçirilir, uşaqlara hərtərəfli diqqət və qayğı göstərilir.
YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev çıxış edərək öz növbəsində uşaqları təbrik edib, onlara xoş arzularını çatdıraraq dövlət tərəfindən uşaqlara göstərilən diqqət və qayğıdan geniş və ətraflı məlumat verib.
Şəhid ailələrinin üzvləri dövlətin hər cür diqqət və qayğısı ilə əhatə olunub, xüsusi ilə şəhid övladlarına hərtərəfli qayğı göstərilir. Tədbirdə Göygöl rayon İcra Hakimiyyəti və YAP Göygöl rayon təşkilatının birgə təşkilatçılığı ilə Göygöl rayonundan olan Vətən Müharibəsi Şəhidlərinin övladlarına bayram hədiyyələri təqdim olunub. Sonra rayonun ictimai-siyasi həyatında fəal iştirakına və şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə Möhtəsim Səmədov və Dilarə Mövlayeva YAP Göygöl rayon təşkilatı tərəfindən Fəxri fərmanla təltif olunublar.
Tədbir rayon Mədəniyyət evinin kollektivinin, məktəbəqədər uşaq tərbiyə müəssisələrinin, Gənclər evinin, Uşaq və Ailələrə Dəstək Mərkəzinin və Uşaq Yaradıcılıq Mərkəzinin hazırladığı musiqi nömrələri ilə davam edib.