Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev tərəfindən Bənövşəli kənd sakinləri ilə səyyar görüş keçirilib
11 oktyabr 2023 | 15:36
Prezident cənab İlham Əliyevin İcra Hakimiyyəti başçıları, Mərkəzi İcra Hakimiyyəti orqanlarının rəhbərləri ilə görüşləri zamanı dövlət məmurları haqqında səsləndirdiyi fikirlər, onlara daim xalqın içində olmaları, icra başçılarına bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını öz dillərindən eşitmələri, problemlərini yerində öyrənmələri, düzgün təhlil aparmaları barədə verdiyi tapşırıq və tövsiyələr bir daha onu sübut edir ki, ölkəmizdə yürüdülən dövlət siyasətinin kökündə hər zaman vətəndaş amili dayanır.
Dövlət başçısının tapşırıq və tövsiyəsinə uyğun olaraq Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, Rayon İcra hakimiyyəti başçısının müavinləri və Aparatının məsul şəxsləri, Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, inzibati ərazi dairəsi üzrə nümayəndə, bələdiyyə və xidmət sahələrinin rəhbərləri ilə birgə rayonun Bənövşəli kəndində səyyar görüş keçirib.
İcra hakimiyyətinin başçısı Elvin Paşayev keçirilən səyyar görüşlərin ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlərin tərkib hissəsi olduğunu qeyd edərək, dövlət və vətəndaş münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini, məhz bu uğurlu siyasətin ölkəmizin bütün istiqamətlər üzrə mühüm nailiyyətlər əldə etməsinə şərait yaratdığını vurğulayıb, eyni zamanda Elektron Hökumət Portalı tərəfindən yaradılmış Rəqəmsal İcra Hakimiyyəti platforması barədə vətəndaşlara məlumat verərək, xidmətin əlçatanlıq və üstünlüklərini qeyd edib və https://rih.gov.az/ platformasından istifadə etmələrini tövsiyə edib.
Qəbul zamanı bir qrup kənd sakinini dinləyən Rayon İcra Hakimiyyətinin başçısı mövcud problemlərin həlli, o cümlədən kəndin yuxarı hissəsindəki sututarın siyirtməsinin bərpa edilməsi, kəndi içməli su ilə təmin edən xəttin qalan hissəsinin də yenilənməsi, kəndə gələn yolun asfaltlanması və digər məsələlərlə bağlı aidiyyəti xidmət sahələrinin rəhbərlərinə və məsul şəxslərə yerində müvafiq tapşırıq və tövsiyələrini bildirib.