Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev Gəncə kəndində vətəndaşların səyyar qəbulunu keçirib
25 iyun 2024 | 10:15
Göygöl rayonu Gəncə kənd tam orta məktəbin həyətində keçirilən səyyar qəbulda Rayon İcra Hakimiyyətinin başçısı Aparatının məsul şəxsləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, inzibati ərazi dairəsi üzrə nümayəndə, bələdiyyə və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev keçirilən səyyar qəbulların ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlərin tərkib hissəsi olduğunu qeyd edərək, dövlət və vətəndaş münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini, məhz bu uğurlu siyasətin ölkəmizin bütün istiqamətlər üzrə mühüm nailiyyətlər əldə etməsinə şərait yaratdığını vurğulayıb, eyni zamanda Elektron Hökumət Portalı tərəfindən yaradılmış Rəqəmsal İcra Hakimiyyəti platforması barədə vətəndaşlara məlumat verərək, xidmətin əlçatanlıq və üstünlüklərini qeyd edib və https://rih.gov.az/ platformasından istifadə etmələrini tövsiyə edib.
Səyyar qəbul zamanı bir qrup Gəncə kənd sakinini dinləyən İcra başçısı mövcud problemlərin həlli, o cümlədən kəndin içməli su təminatının yaxşılaşdırılması, kəndə gələn alternativ avtomobil yolunun təmir edilməsi, qonşu kəndin örüş yeri ilə bağlı yaranmış mübahisənin həll edilməsi, vətəndaşın həyətyanı torpaq sahəsinin qarşısından keçən qaz xəttinin darvaza boyu hündürlüyə qaldırılması və digər məsələlərlə bağlı aidiyyəti xidmət sahələrinin rəhbərlərinə və məsul şəxslərə yerində müvafiq tapşırıq və tövsiyələrini bildirib.