Göygöl Rayon İcra hakimiyyətinin başçısı Elvin Paşayev Dövlət-Özəl Sektor Tərəfdaşlığının İnkişafı Mərkəzinin nümayəndələri ilə görüşüb
14 dekabr 2022 | 17:35
Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev İcra Hakimiyyətində Dövlət-Özəl Sektor Tərəfdaşlığının İnkişafı Mərkəzinin (DÖSTİM) nümayəndələri ilə görüş keçirib. Görüşdə DÖSTİM-in direktoru Anar Salmanov, direktor müavini Hamlet İsmayılov, KOBİA-nın Gəncə-Qazax regional koordinatoru Anar Əliyev və KOBİA-nın Göygöl Rayon nümayəndəliyinin rəhbəri Orxan Əhmədov iştirak edib.
İcra Hakimiyyətinin başçısı Elvin Paşayev qonaqları salamlayaraq, görüşdən məmnunluğunu bildirib və DÖSTİM-lə əməkdaşlığın rayonun iqtisadi inkişafı və yeni iş yerlərinin açılması üçün mühüm addım olduğunu vurğulayıb. Sonra Göygöl Rayon İcra Hakimiyyəti tərəfindən təklif edilmiş layihələr müzakirə edilib.
Görüşdə çıxış edən Anar Salmanov DÖSTİM-in fəaliyyəti haqqında geniş məlumat verərək bildirib ki, DÖST, PPP (Public Private Partnership) kimi tanınır, dövlət və özəl sektor arasında uzunmüddətli əməkdaşlıq platformasıdır, tik-idarə et-təhvil ver prinsipi əsasında çalışır və müxtəlif sektorlardakı layihələri əhatə edə bilər (nəqliyyat, enerji, su, ictimai binalar sektorları və s.). Dövlət, mülkiyyət və ya nəzarət mexanizmlərini özündə saxlamaqla, digər bir sıra xidmətləri özəl sektora ötürür və əvvəlcədən müəyyən etdiyi tələblərə uyğun keyfiyyətli infrastruktura, cəmiyyət isə əlverişli mühitə sahib olur. Özəl sektor isə riskləri dövlətlə bölüşərək idarəetməni özündə saxlayır, layihənin icrası müddətində dövlət rüsumlarından və yığımlarından azad edilir.