Göygöl Rayon İcra Hakimiyyətində növbəti dəfə vətəndaşların fərdi qəbulu keçirildi
15 yanvar 2024 | 15:45
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yerlərdə vətəndaş müraciətlərinin obyektiv və operativ baxılması, vətəndaş məmnunluğunun yüksək səviyyədə təmin edilməsi ilə bağlı müvafiq tapşırıq və tövsiyələrinə uyğun olaraq, həmçinin bu istiqamətdə dövlət siyasətini əsas tutaraq Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev tərəfindən növbəti vətəndaş qəbulu keçirilib. Qəbulda vətəndaşları narahat edən məsələlərlə yaxından tanış olunub, müraciətlər, təkliflər dinlənilib.
Qəbul zamanı şəhid ailələrinin, qazilərin, müharibə iştirakçılarının müraciətləri növbədənkənar dinlənilib, digər vətəndaşlar isə növbəlilik əsasında qəbul ediliblər.
Vətəndaşlar tərəfindən edilən müraciətlər daha çox məşğulluq, yaşadığı evin təmir olunması, fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması eləcə də digər sosial müdafiə məsələləri ilə bağlı olub.
Qəbulda iştirak edən sakinlərin hər birini ayrılıqda dinləyən Rayon İcra Hakimiyyətinin başçısı qaldırılan bütün məsələlərin nəzarətə götürüldüyünü, hər bir məsələnin həlli üçün tədbirlər görüləcəyini diqqətə çatdıraraq bununla bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlar verib.