Göygöl Rayon İcra Hakimiyyətində növbəti dəfə vətəndaş qəbulu keçirilib
03 iyul 2024 | 13:48
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yerlərdə vətəndaş müraciətlərinin hər birinə obyektiv və operativ baxılması, vətəndaş məmnunluğunun yüksək səviyyədə təmin edilməsi ilə bağlı müvafiq tapşırıq və tövsiyələrinə uyğun olaraq, həmçinin bu istiqamətdə dövlət siyasətini əsas tutaraq Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev tərəfindən növbəti vətəndaş qəbulu keçirilib. Qəbulda vətəndaşları narahat edən hər bir məsələ ilə yaxından tanış olunub, müraciət və təkliflərin hər biri yerində dinlənilib.
Qəbul zamanı şəhid ailələrinin, qazilərin və müharibə iştirakçılarının müraciətləri növbədənkənar dinlənilib, digər vətəndaşlar isə növbəlilik əsasında qəbul ediliblər.
Vətəndaşlar tərəfindən edilən müraciətlər əsasən işlə bağlı müraciətlər,yeni fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması, yaşadığı evin əsaslı təmir olunmasına köməklik göstərilməsi eləcə də digər sosial müdafiə məsələləri ilə bağlı olub.
Qəbulda iştirak edən sakinlərin hər birini ayrılıqda dinləyən Göygöl Rayon İcra Hakimiyyətinin başçısı qaldırılan bütün məsələlərin nəzarətə götürüldüyünü, hər bir məsələnin həlli üçün müəyyən tədbirlər görüləcəyini diqqətə çatdıraraq bununla bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlar verib.