Göygöl Rayon İcra Hakimiyyəti yanında Məşğulluğa kömək göstərən Əlaqələndirmə Komitəsinin iclası keçirilib
08 avqust 2023 | 10:15
Göygöl Rayon Heydər Əliyev Mərkəzində Göygöl Rayon İcra Hakimiyyəti başçısı Aparatı yanında məşğulluğa kömək göstərən əlaqələndirmə komitəsinin iclası keçirilmişdir.
İclasda Göygöl Rayon İcra Hakimiyyəti başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Arzu Qocayev, Gəncə-Daşkəsən Regional Məşğulluq Filialının müdiri Elməddin Qurbanov, Gəncə Regional Turizm İdarəsinin rəisi Zaur Bayramov, əlaqələndirmə komitəsinin digər üzvləri, rayonda fəaliyyət göstərən sahibkarlar və fermerlər iştirak etmişdir.
Arzu Qocayev iclası giriş sözü ilə açaraq rayon əhalisinin məşğulluğunun təmin edilməsi istiqamətində Rayon İcra Hakimiyyəti başçısı Aparatı yanında yaradılmış məşğulluğa kömək göstərən əlaqələndirmə komitəsi tərəfindən görülən işlər barədə ətraflı məlumat verərək, bu sahədə məqsədyönlü işlərin görüldüyünü və yeni iş yerlərinin yaradıldığını bildirib.
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 9 oktyabr 2017-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı”nın icrasının təmin olunması məqsədilə görülən işlər barədə tədbir iştirakçılarını məlumatlandırıb.
İclasda qeyri-rəsmi məşğulluğun qarşısının alınması, rəsmiləşdirilməyən əmək münasibətləri və bu işdə mövcud olan problemlərin aradan qaldırılması, əlaqələndirmə komitəsinin işinin səmərəli təşkil edilməsi, aidiyyəti dövlət qurumları ilə əlaqələndirmənin təmin edilməsi və digər məsələlər haqqında müzakirələr aparılmışdır.
Mövzu ilə bağlı Gəncə-Daşkəsən Regional Məşğulluq Filialının müdiri Elməddin Qurbanov çıxış edərək komitə tərəfindən görülən işlərlə bağlı fikir bildirmiş və Dövlət Məşğulluq Agentliyinin icra etdiyi mövcud layihələr barədə tədbir iştirakçılarını məlumatlandırmışdır.
Sonda mövzu ilə bağlı fikir mübadiləsi aparılıb, qarşıda duran vəzifələr, görüləcək işlər müzakirə olunub və tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.