Göygöl Rayon İcra Hakimiyyəti yanında Məşğulluğa kömək göstərən Əlaqələndirmə Komitəsi təsərrüfatda görüş keçirib
03 aprel 2025 | 17:30
Göygöl rayonu, Üçtəpə kəndində fəaliyyət göstərən “SYN Agro” MMC-də keçirilən görüşdə Göygöl Rayon İcra Hakimiyyəti başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Arzu Qocayev, Gəncə-Daşkəsən Regional Məşğulluq Filialının Təhlil və tərəfdaşlarla iş şöbəsinin müdiri Pərviz Əliyev, Göygöl rayon Statistika İdarəsinin rəisi Ruzigar Həsənov, Göygöl KOB dostu Orxan Məmmədov, Göygöl DAİM-in heyvandarlıq sektorunun müdiri Ramin Kərimov və digər aidiyyəti qurumların nümayəndələri iştirak etmişdir.
Arzu Qocayev görüşdə qeyri-formal məşğulluğun qarşısının alınması məqsədilə əlaqələndirmə komitəsi tərəfindən görülən işlər barədə məlumat vermiş və əmək münasibətlərinin təkmilləşdirilməsi sahəsində bundan sonra da zəruri tədbirlərin həyata keçiriləcəyini iştirakçıların diqqətinə çatdıraraq, dövlətin sahibkarlığın inkişafına böyük dəstək verdiyini, iş adamlarının hüquqlarının qanunvericilik əsasında qorunması üçün genişmiqyaslı hüquqi islahatlar aparıldığını, həmçinin sahibkarlara bir çox güzəştlər edildiyini, bunun sayəsində özəl sektorun inkişaf edərək ölkədə kapital qoyuluşunda da önəmli rol oynadığını qeyd etdi. Göygöl rayonunun sosial-iqtisadi inkişafının davamlı xarakter aldığını, eyni zamanda rayonda görülən məqsədyönlü işlərin nəticəsi olaraq 2024-cü ildə 223 yeni iş yeri açıldığını, bunun isə 2023-cü il ilə müqayisədə 16 vahid çox olduğunu, bu sahədə işlərin davam etdiyi bildirilmişdir.
Gəncə-Daşkəsən Regional Məşğulluq Filialının Təhlil və tərəfdaşlarla iş şöbəsinin müdiri Pərviz Əliyev sahibkarlığın inkişafına kömək məqsədilə həyata keçirilən layihələr barədə görüş iştirakçılarına ətraflı məlumat verimişdir.
Göygöl DAİM və KOBİA-nın nümayəndələri də fəaliyyət istiqamətləri üzrə görülən işlər barədə ətraflı məlumat vermiş və görüş iştirakçılarını maraqlandıran sualları cavablandırmışlar.
“SYN Agro” MMC-nin rəhbəri Məmmədzadə Yaşar görüş iştirakçılarını təsərrüfatla əyani tanış edərək bildirdi ki, təsərrüfat 2015-ci ildə yaradılmış və əsasən südlük istiqamətdə fəaliyyət göstərir. Hazırda təsərrüfatda 42 baş iribuynuzlu və 20 baş xırdabuynuzlu heyvan vardır. Təsərrüfatda gündəlik 550 litr süd istehsal olunur və bu süddən müxtəlif kənd təsərrüfatı məhsulları hazırlanaraq satışı həyata keçirilir. Hazırda təsərrüfatda 8 nəfər işçi çalışır.
Görüş qarşılıqlı fikir mübadiləsi ilə davam etmiş, hazırda mövcud olan problemlər, onların həlli yolları, qarşıda duran vəzifələr müzakirə olunmuşdur.