Göygöl Rayon İcra Hakimiyyəti yanında Məşğulluğa kömək göstərən Əlaqələndirmə Komitəsi növbəti müəssisədə görüş keçirib
03 aprel 2024 | 10:12
160 illik tarixə malik olan “Göygöl Şərab Zavodu” ASC-də keçirilən görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Arzu Qocayev, KOB dostu departamentinin Gəncə-Qazax regional koordinatoru Anar Əliyev, Gəncə-Daşkəsən Regional Məşğulluq Filialının Təhlil və tərəfdaşlarla iş şöbəsinin müdiri Pərviz Əliyev və digər aidiyyəti qurumların nümayəndələri iştirak edib.
Görüşdə çıxış edən Arzu Qocayev Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 9 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında qeyri-formal məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı”nın müvafiq bəndlərindən irəli gələn tapşırıqların icrası istiqamətində fəaliyyətin davam etdirildiyini və əmək münasibətlərinin təkmilləşdirilməsi sahəsində bundan sonra da zəruri tədbirlərin həyata keçiriləcəyini diqqətinə çatdıraraq, ölkəmizdə sahibkarlığın inkişafına dövlət tərəfindən hərtərəfli dəstək göstərilməsi, əlverişli biznes mühitinin yaradılması qeyri-neft sektorunun, bütövlükdə isə ölkə iqtisadiyyatının inkişafına mühüm töhfələr verdiyini bildirərək, regionların o, cümlədən Göygöl rayonunun sosial-iqtisadi inkişafının davamlı xarakter aldığını qeyd edib.
“Göygöl Şərab Zavodu” ASC-nin İdarə Heyətinin sədri İsmayıl Bəkirov müəssisənin fəaliyyəti, istehsal prosesi, üzüm bağları barədə məlumat verərək, respublikada bu sahədə fəaliyyət göstərən ən böyük müəssisələrdən biri olduğunu və rayonda əhalinin məşğulluğunun təmin olunmasında əhəmiyyətli rol oynadığını bildirib. Hazırda zavodun üzümlüklərində 17 növ üzüm sortları yetişdirildiyini, zavodun istehsal etdiyi məhsulların müxtəlif beynəlxalq tədbirlərdə medallarla, fəxri diplomlarla təltif olunduğunu, Rusiya, Belarus və Çinin aparıcı şirkətlərinə və müxtəlif ölkələrə ixrac edildiyini qeyd edib. Eyni zamanda şərab turizminin inkişaf etdirilməsi üçün zavodun böyük potensiala malik olduğunu diqqətə çatdırıb.
Digər görüş iştirakçıları Anar Əliyev və Pərviz Əliyev sahibkarlığın inkişafına kömək məqsədilə həyata keçirilən layihələr barədə ətraflı məlumat veriblər. Görüş qarşılıqlı fikir mübadiləsi ilə davam edib, hazırda mövcud olan problemlər, onların həlli yolları, qarşıda duran vəzifələr müzakirə olunub. Sonda istehsal və texnoloji proseslə yaxından tanış olunub, müəssisənin mütəxəssisləri tərəfindən istehsalat mexanizmi və prinsipləri barədə görüş iştirakçılarına ətraflı məlumat verilib.