Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl Rayon İcra Hakimiyyəti yanında Məşğulluğa kömək göstərən əlaqələndirmə komitəsi müəssisədə görüş keçirib

22 dekabr 2023 | 11:05
Göygöl rayonu, Quşqara kəndində fəaliyyət göstərən “Xanni-2017” MMC-də keçirilən görüşdə Göygöl Rayon İcra Hakimiyyəti başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri, İcra Hakimiyyəti yanında məşğulluğa kömək göstərən əlaqələndirmə komitəsinin sədri Arzu Qocayev, Gəncə-Daşkəsən Regional Məşğulluq Filialının müdiri Elməddin Qurbanov, KOBİA-nın Gəncə-Qazax regional koordinatoru Anar Əliyev və digər aidiyyəti qurumların nümayəndələri iştirak edib.
Arzu Qocayev çıxışında Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 9 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında qeyri-formal məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı”nın müvafiq bəndlərindən irəli gələn tapşırıqların icrası istiqamətində fəaliyyətin davam etdirildiyini və əmək münasibətlərinin təkmilləşdirilməsi sahəsində bundan sonra da zəruri tədbirlərin həyata keçiriləcəyini iştirakçıların diqqətinə çatdıraraq, ölkəmizdə sahibkarlığın inkişafına dövlət tərəfindən hərtərəfli dəstək göstərilməsi, əlverişli biznes mühitinin yaradılması qeyri-neft sektorunun, bütövlükdə isə ölkə iqtisadiyyatının inkişafına mühüm töhfələr verdiyini bildirmiş və regionların o, cümlədən Göygöl rayonunun sosial-iqtisadi inkişafının davamlı xarakter aldığını qeyd edib.
Görüşdə Gəncə-Daşkəsən Regional Məşğulluq Filialının müdiri Elməddin Qurbanov komitə tərəfindən görülən işlərlə bağlı fikir bildirmiş və Dövlət Məşğulluq Agentliyinin icra etdiyi mövcud layihələr barədə tədbir iştirakçılarını məlumatlandırıb, eyni zamanda “Xanni-2017” MMC-nin layihələrin aktiv iştirakçısı olduğunu qeyd edib.
KOBİA-nın Gəncə-Qazax Regional koordinatoru Anar Əliyev sahibkarlığın inkişafına kömək məqsədilə həyata keçirilən layihələr barədə görüş iştirakçılarına ətraflı məlumat verib və müəssisənin KOBİA-nın xidmətlərindən faydalandığını bildirib.
“Xanni-2017” MMC-nin rəhbəri İdris İbrahimov öz növbəsində müəssisənin fəaliyyəti barədə ətraflı məlumat verərək, ölkənin ilk əlcək istehsalçısı olduğunu qeyd edib. Dövlətin sahibkarlığın inkişafına göstərdiyi diqqət və qayğıdan, eləcə də əlverişli biznes mühitindən faydalanaraq müəssisənin fəaliyyətini genişləndirdiyini, müxtəlif əlcək növlərinin istehsalına da başladığını bildirib. Sonda “Xanni-2017” MMC-nin direktoru görüş iştirakçılarını müəssisənin fəaliyyəti ilə yaxından tanış edib.
Keçidlər