Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl Rayon İcra Hakimiyyəti yanında Məşğulluğa kömək göstərən Əlaqələndirmə Komitəsi müəssisədə görüş keçirib

16 oktyabr 2024 | 11:18
Göygöl şəhərində fəaliyyət göstərən "Aqro-Azərinvest" MMC - də keçirilən görüşdə Göygöl Rayon İcra Hakimiyyəti başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Arzu Qocayev, Gəncə-Daşkəsən Regional Məşğulluq Filialının Təhlil və tərəfdaşlarla iş şöbəsinin müdiri Pərviz Əliyev, Göygöl rayon Statistika İdarəsinin rəisi Ruzigar Həsənov, Göygöl DAİM-nin bitkiçilik sektorunun müdiri Adil Kərimzadə və digər aidiyyəti qurumların nümayəndələri iştirak etmişdir.
Arzu Qocayev görüşdə  Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 9 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında qeyri-formal məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı”nın müvafiq bəndlərindən irəli gələn tapşırıqların icrası istiqamətində fəaliyyətin davam etdirildiyini və qeyri-formal məşğulluq ölkədə kölgə iqtisadiyyatının yayılmasına rəvac verərək rəqabət mühitinə mənfi təsir göstərməklə yanaşı, işçilərin əmək və sosial hüquqlarının pozulmasına, onların sosial sığorta sistemindən və nəticədə gələcək sosial təminatdan kənarda qalmasına, vergidən yayınmaqla dövlət büdcəsinə daxilolmaların azalmasına gətirib çıxardığı üçün qeyri-formal məşğulluğun qarşısının alınması istiqamətində tədbirlərin gücləndirilməsinin dövlətin əsas prioritetlərindən biri olduğunu bildirmiş və Rayon İcra Hakimiyyəti başçısı Aparatı yanında yaradılmış məşğulluğa kömək göstərən əlaqələndirmə komitəsi tərəfindən görülən işlər, yeni yaradılmış iş yerləri barədə görüş iştirakçılarını məlumatlandırmışdır.
"Aqro-Azərinvest" MMC-nin nümayəndəsi Məmmədov Tural Mehdi oğlu müəssisə haqqında məlumat verərək bildirmişdir ki, müəssisə 2004-cü ildə təsis edilmiş və 2006-cı ildən istehsal fəaliyyətinə başlamışdır. Ümumilikdə respublikanın müxtəlif rayonlarında 900,0 hektara yaxın üzüm bağları vardır ki, bundan 297,0 hektarı Göygöl rayonunun ərazisində yerləşir. Hazırda Cəmiyyətin bağlarında yerli Mədrəsə, Bayan Şirə üzüm sorları ilə yanaşı, Gürcüstandan gətirilən Saperavi, Rkasiteli, Mtsvani, Alrksandrouli, Avropadan gətirilən Kaberne, Pino Qara, Ağ Muskat, Hamburq Muskatı, Şardone, Qrenaş və sair üzüm sortları yetişdirilir. Müəssisənin Göygöl rayonunda üzümün qəbulu, ilkin emalı və saxlanılması məntəqəsi və müasir standartlara uyğun şərab və konyak süzmə (qablaşdırma) sexi fəaliyyət göstərir.  Müəssisədə 43 nəfər daimi, 30 nəfər mövsümü işlə təmin olunub ki, bu da rayonumuzun sosial-iqtisadi inkişafına, yeni iş yerlərinin açılmasına və əhalinin məşğulluğunun təmin edilməsinə öz müsbət təsirini göstərir.
Gəncə-Daşkəsən Regional Məşğulluq Filialının Təhlil və tərəfdaşlarla iş şöbəsinin müdiri Pərviz Əliyev sahibkarlığın inkişafına kömək məqsədilə həyata keçirilən layihələr barədə görüş iştirakçılarına ətraflı məlumat verimişdir.
Görüş qarşılıqlı fikir mübadiləsi ilə davam etmiş, hazırda mövcud olan problemlər, onların həlli yolları, qarşıda duran vəzifələr müzakirə olunmuşdur.
Sonda istehsal, texnoloji proseslərdə çalışan işçilərlə və istehsal prosesi ilə yaxından tanış olunmuş, formal məşğulluğun faydaları barədə danışılmış eləcə də müəssisənin mütəxəssisləri tərəfindən istehsalat mexanizmi və prinsipləri barədə görüş iştirakçılarına ətraflı məlumat verilmişdir.
Keçidlər