Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl rayon Ağsaqqallar Şurasının illik hesabat konfransı keçirilib

03 iyun 2022 | 15:54

Azərbaycan Respublikası Ağsaqqallar Şurası tərəfindən ölkəmizin şəhər və rayonlarında illik hesabat konfransları keçirilir. Növbəti konfrans Göygöl rayonunda baş tutub. Tədbirdə Azərbaycan Respublikası Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov, Göygöl Rayon İcra Hakimiyyətinin Başçısının səlahiyyətlərinin icraçısı Turani Əliyev, Göygöl rayon Ağsaqqallar Şurasının sədri Dilqəm Dilənov və Göygöl rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvləri iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Göygöl MKS-nin oxu zalında keçirilən konfransı giriş sözü ilə  açan Göygöl Rayon İcra Hakimiyyətinin Başçısının səlahiyyətlərinin icraçısı Turani Əliyev qonaqları salamlayaraq, konfransın işinə uğurlar arzulayıb. Sonra sözü Respublika Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifova verib. Bayram Yusifov tədbir iştirakçılarını Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyevin adından salamlayıb. Bayram Yusifov ümummilli lider Heydər Əliyevin ölkə rəhbərliyində olmadığı dövrlərdə Azərbaycanın yaşadığı xaos, hərc-mərclik və digər problemlərə toxunaraq qeyd edib ki, həmin vaxt ölkənin müdrik insanları – ağsaqqallar yığışaraq xalqın adından Ulu Öndərə müraciət etdilər və o, əsl ağsaqqallıq nümayiş etdirərək xalqımızın təkidli tələbi ilə hakimiyyətə qayıtdı, Azərbaycanı parçalanmaq təhlükəsindən, bir çox bəlalardan xilas etdi. Həmçinin 44 günlük Vətən müharibəsindən bəhs edən natiq vurğulayıb ki, indi həyatımızın ən parlaq səhifəsini yaşayırıq və bu sevinci, bu qüruru bizə bəxş etdiyinə görə Müzəffər Ali Baş Komandana, igid əsgər və zabitlərimizə, qazilərimizə, qəhrəman Azərbaycan xalqına minnətdarlığımızı bildirir, şəhidlərimizin ruhu qarşısında baş əyirik. Sonda natiq bildirib ki, biz də hər zaman bütün işlərdə möhtərəm Prezidentimizə dəstək olmalı, onun ətrafında dəmir yumruq kimi birləşərək daha xoşbəxt Azərbaycan naminə öz səylərimizi əsirgəməməliyik.

Daha sonra rayon Ağsaqqallar Şurasının sədri Dilqəm Dilənovun 2021-ci ildə görülən işlər və qarşıda duran vəzifələrə dair hesabat məruzəsi dinlənilib. Dilqəm Dilənov  dövlətimizin başçısı cənab İlham Əliyev tərəfindən ölkədə ağsaqqallara göstərilən diqqət və qayğıdan söz açıb. O, məktəb və digər müəssisələrdə görüşlərdə, gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsində, multikulturalizm və tolerantlıq, milli-mənəvi dəyərlərimizin qorunmasında zidd hərəkətlərə qarşı mübarizədə öz xidmətlərini əsirgəmədiklərini bildirib, 44 günlük Vətən müharibəsindəki Qələbəmizin tarixi əhəmiyyətindən danışıb.

Şura üzvləri çıxışlarında Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə Rəşadətli Ordumuz tərəfindən 44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsindən, xalqımızın bu qələbədən necə qürur duymasından söz açıblar. Qeyd edilib ki, xalqımızın milli-mənəvi dəyərlərində ağsaqqal sözü, xeyir-duası həmişə üstün olub. Konfrans zamanı iştirakçıların müraciət və təklifləri dinlənilib.

Keçidlər