Göygöl nağılları: Rayon sakinlərinin bayram sevinci
01 yanvar 2023 | 13:39
Göygöl Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramına həsr olunan “Göygöl nağılları” adlı bayram tədbiri keçirilib.
Tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin müstəqilliyi, ərazi bütövlüyümüz uğrunda şəhid olanların əziz xatirəsi yad olunub.
Çıxış edən Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev bildirib ki, Dünya Azərbaycanlılarının Həmrəylik Gününün təsis edilməsi müxtəlif ölkələrdə yaşayan həmvətənlərimiz arasında siyasi-iqtisadi, mədəni münasibətlərin genişlənməsinə imkan yaradıb. O, Ulu Öndər Heydər Əliyevin dünya azərbaycanlılarının vahid milli ideologiya ətrafında birləşdirilməsi istiqamətindəki əvəzsiz xidmətlərindən bəhs edib. Bu günün dövlət bayramı kimi qeyd edilməsinin xalqımızın milli azadlıq mübarizəsinin məntiqi nəticəsi olaraq xoş ənənəyə çevrildiyini diqqətə çatdıraraq, yeni ilin sağlamlıq, xoşbəxtlik və müvəffəqiyyətlərlə dolu keçməsini arzulayıb.
Məktəblilər “kitab oxu” devizi altında fləşmob təşkil edib, il ərzində respublika və beynəlxalq idman yarışlarında uğur qazanan idmançıların nümunəvi çıxışları və sənətkarların əl işlərindən ibarət sərgiləri təqdim olunub.
Tədbir yerli mədəniyyət işçilərinin və məktəblilərin hazırladığı konsert proqramı ilə davam edib. Şaxta baba və Qar qızın gəlişi tədbirə əlavə rəng qatıb. Bayram tədbiri iştirakçılarda xoş ovqat yaradıb.