Göygöl Möcüzələri” adlı Novruz şənliyi keçirilib
20 mart 2023 | 13:05
Göygöl Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Göygöl şəhəri, Heydər Əliyev pakında “Göygöl Möcüzələri” adlı Novruz şənliyi keçirilib. Bayram tədbirində Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, Yeni Azərbaycan Partiyasının Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edən İcra Hakimiyyətinin başçısı Elvin Paşayev qeyd edib ki, hər bir xalqın milli-mənəvi dəyərlərinin qorunmasında və inkişafında həmin xalqın lideri olmaq missiyasını öz üzərinə götürmüş tarixi şəxsiyyətlərin üzərinə böyük məsuliyyət düşür. Bu baxımdan Ulu Öndər Heydər Əliyevin Azərbaycan və azərbaycanlılar qarşısındakı xidmətləri sırasında Novruzun yenidən xalqımıza qaytarılması kimi ümummilli əhəmiyyət kəsb edən məsələni xüsusi vurğulamaq lazımdır. Novruz bayramı sovetlər birliyi dövründə uzun illər rəsmən qadağan edilsə də, Ümummilli Lider Heydər Əliyevin milli ənənə və dəyərlərə daxilən möhkəm bağlılığı bu bayramın xalq arasında sevilərək yaşadılmasını təmin etmiş, folklorşünaslıq və fəlsəfə sahəsində aparılan elmi tədqiqatlarda onun ideoloji-siyasi əhəmiyyəti hər zaman önə çəkilmişdir. Ümumxalq bayramının yüksək səviyyədə keçirilməsi Azərbaycan xalqının milli ruhunu yüksəldir, milli irsə, tarixə böyük məhəbbət yaradır, özünüdərki gücləndirirdi. Ulu Öndər Heydər Əliyev çıxışlarında belə söyləyirdi: “Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik.” Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Ümummilli Liderin vəsiyyətini və Azərbaycan xalqının arzularını reallaşdırdı. Ali Baş Komandanın rəhbərliyi altında müzəffər Azərbaycan Ordusu doğma torpaqlarımızı 44 gün ərzində işğaldan azad etdi və biz artıq həmin ərazilərdə Novruz bayramını qeyd edirik. Novruz bayramının UNESCO tərəfindən Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilməsi çox böyük əhəmiyyət kəsb edir. Ölkəmizin mədəniyyət tarixində önəmli yer tutan bu hadisə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və ciddi səyləri, bu istiqamətdə apardığı gərgin fəaliyyəti nəticəsində baş verib.
Sonra Novruzun ən gözəl nümunələrindən olan bayram tonqalı alovlandırılıb. Rayonun incəsənət ustadları, bədii özfəaliyyət kollektivləri, uşaq bağçalarının körpə fidanları və məktəb şagirdləri rəngarəng mahnılar və rəqslər ifa ediblər. Bayram tədbirində həmçinin xalq sənətkarlığı nümunələri və yazın gəlişini əks etdirən rəsm əsərləri nümayiş olunub. İdmançıların nümunəvi çıxışları, Novruzun personajları olan Bahar qızının təbrik sözləri, Kosa və Keçəlin şirin, məzəli oyunları, yumurta döyüşdürmələri tədbir iştirakçılarına xoş ovqat bəxş edib. Şənlik geniş bayram konserti ilə davam edib.