Göygöl Gənclərinin Forumu keçirilib
02 fevral 2023 | 19:11
2 Fevral – Azərbaycan Gəncləri Günü münasibəti ilə Göygöl Gənclərinin Forumu keçirilib. Göygöl rayon Gənclər Evində keçirilən Forumda Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, Milli Məclisin Deputatı Elşad Mirbəşiroğlu, YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlarda çalışan gənc mütəxəssislər, hərbiçilər, qazilər, idmançılar və fəal rayon gəncləri iştirak ediblər.
Azərbaycan Respublikasının Dövlət Himni ilə Forum açıq elan edilib. Sonra Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
2022-ci il ərzində Göygöl rayonunda gənclər siyasətinin həyata keçirilməsi istiqamətində görülən işlər və keçirilən tədbirləri özündə əks etdirən video rolikə baxış keçirilib.
Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, Milli Məclisin Deputatı Elşad Mirbəşiroğlu və digər natiqlər gəncləri təbrik edərək qeyd ediblər ki, bu əlamətdar tarixi gün gənclərə həmişə böyük diqqət və qayğı ilə yanaşan, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verən, bu siyasəti müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirən Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.
"Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram" deyən Prezident İlham Əliyevin bu yüksək münasibətinə cavab olaraq Azərbaycanın parlaq gələcəyinin təminatçısı olan gənclər bütöv və müstəqil Azərbaycan naminə bütün güclərini toplamalı, Vətənin inkişafı üçün səylə çalışmalı, öz siyasətində onlara arxalanan ölkə başçısının etimadını həmişə doğrultmalı, hər an Ali Baş Komandanın verəcəyi əmrə müntəzir olmalıdırlar.
Səsləndirilmiş təbriklərdən sonra Gənclər Forumu panel formatında davam edib. “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda keçirilən birinci panel iclasında İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, Milli Məclisin Deputatı Elşad Mirbəşiroğlu, YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev spiker qismində iştirak ediblər və səsləndirilimiş sual və təklifləri cavablandırıblar. “Gənclərin asudə vaxtının səmərəli təşkili” mövzusunda keçirilən ikinci panel iclasında aidiyyəti üzrə digər spikerlər iştirak ediblər.
Sonda 2 Fevral - Azərbaycan Gəncləri Günü münasibəti ilə rayonumuzun ictimai həyatında öz fəallığı ilə seçilən gəncimiz müxtəlif nominasiyalar üzrə Göygöl Rayon İcra Hakimiyyəti başçısının Fəxri Diplomları ilə təltif ediliblər.