“Əziz Şuşa” beynəlxalq velosiped yarışının dördüncü mərhələsi başa çatıb
11 iyun 2023 | 16:50
Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Əziz Şuşa” beynəlxalq velosiped yarışının dördüncü mərhələsi 10.06.2023-cü il tarixdə keçirilib. Yarışda 14 ölkədən 16 komanda üzrə 100-ə yaxın idmançı birinciliyi qət etmək uğrunda mübarizə aparıblar. Velosipedçilər Gəncədə yarışa start edib, Göygöl rayon ərazisindən keçərək, 109,2 km məsafəni qət edib, Göygöl Milli Parkında finiş ediblər.
Beynəlxalq Velosipedçilər İttifaqının təqvim planına daxil edilən 2.2 kateqoriyalı yarışın dördüncü mərhələsinin qalibi İtaliyanın “Team Technipes İnemiliaromagna” komandasının velosipedçisi Alessandro Monaco, ikinci yerin sahibi onun komanda yoldaşı Emanuele Ansaloni olub, üçüncü yerdə isə Qazaxıstan komandasının üzvü Rudolf Remkhi qərarlaşıb.
Qaliblərin təltifolma mərasimində Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, Müdafiə Sənayesi Nazirliyinin Aparat rəhbəri general-mayor Zaur Əliyev, Müdafiə Sənayesi Nazirinin müşaviri Arif Babayev, Müdafiə Sənayesi Nazirliyinin Aparat rəhbərinin müavini Fariz Abdullayev, Azərbaycan Velosiped Federasiyasının baş katibi Elnarə Musayeva iştirak ediblər.